İngiltərənin Vest-Midlends qraflığının Staurbric şəhərində irimiqyaslı meşə yanğını tüğyan edir və 10-a yaxın insan xəsarət alıb.
Modern.az "Sky News"a istinadən xəbər verir ki, yanğın gündüz saatlarında qolf meydançasının yaxınlığındakı otluq ərazidə başlayıb və isti hava səbəbindən sürətlə yaşayış evlərinə yayılıb.
Vest-Midlends Yanğınsöndürmə Xidmətinin məlumatına görə, evlərdən bəziləri tamamilə yanıb. Həmçinin bildirilib ki, evlərini tərk etmək məcburiyyətində qalan sakinlər üçün müvəqqəti sığınacaq mərkəzi yaradılıb.
Qeyd olunub ki, yanğının söndürülməsinə 60-a yaxın yanğınsöndürən və 12 yanğınsöndürən maşın cəlb edilib. Şəhərə aparan yollar qismən bağlanıb, tıxaclar müşahidə olunur.
Son məlumatlara görə, üç yanğınsöndürən və bir uşaq xəstəxanaya yerləşdirilib, tüstüdən zəhərlənən daha altı nəfərə isə yerindəcə yardım göstərilib.