Modern.az

Mis gələcəyin neftinə çevrilir - Azərbaycan üçün strateji fürsət

Mis gələcəyin neftinə çevrilir - Azərbaycan üçün strateji fürsət

Dünya

Bu gün, 16:14

Dünyada yaxın 15 il ərzində misə tələbatın kəskin artacağı və qlobal bazarda ciddi çatışmazlığın yaranacağı proqnozlaşdırılır.

Modern.az Bloomberg-ə istinadən xəbər verir ki, 2040-cı ilədək dünya üzrə mis çatışmazlığının təxminən 10 milyon tona çata biləcəyi gözlənilir. Bu isə hazırkı qlobal tələbatın təxminən 33 faizinə bərabərdir.

Proqnozlara əsasən, dünya üzrə misə olan tələbat 2025-ci ildəki 28 milyon tondan 2040-cı ildə 42 milyon tona yüksələ bilər.

Tələbat artımının əsas hissəsinin Asiyanın payına düşəcəyi bildirilir. Belə ki, 2040-cı ilədək əlavə tələbatın təxminən 60 faizinin Asiyadan gələcəyi gözlənilir. Buna əsas səbəblər sırasında elektrik avtomobillərinin yayılması, elektrik şəbəkələrinin modernləşdirilməsi və enerji infrastrukturunun inkişafı göstərilir.

Misə tələbatı artıran digər mühüm istiqamət isə süni intellekt və data mərkəzləridir. Proqnoza görə, süni intellektlə bağlı data mərkəzlərinin mis istehlakı 2040-cı ilədək 127 faiz artaraq 2,5 milyon tona çata bilər.

Bunun fonunda qlobal mis istehsalının artan tələbatı qarşılamaqda çətinlik çəkəcəyi bildirilir. Mövcud proqnozlara əsasən, mis istehsalı 2030-cu ildə təxminən 34 milyon tonla pik həddə çatacaq, daha sonra isə azalaraq 2040-cı ildə təxminən 32 milyon tona düşə bilər.

Qlobal bazarda misin strateji əhəmiyyətinin artması Azərbaycan üçün də yeni imkanlar yarada bilər. Azərbaycan mis ehtiyatlarına malik ölkələrdən biridir və ölkənin müxtəlif bölgələrində mis və mis-polimetal yataqları mövcuddur. Mis ehtiyatlarının əsas toplandığı ərazilər sırasında Gədəbəy, Şəmkir, Ağdərə, Ordubad, Zaqatala və Balakən rayonları göstərilir.

Xüsusilə Gədəbəy rayonundakı Qaradağ mis-porfir yatağı diqqət çəkir. 2024-cü ildə açıqlanan məlumata əsasən, yataqda təxminən 284,9 milyon ton mineralizasiya və 896,9 min ton mis resursu müəyyənləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdəki Dəmirli mis yatağı da Azərbaycanın gələcək mis potensialı baxımından mühüm layihələrdən biridir. Rəsmi məlumata görə, yatağın qalan çıxarıla bilən mis ehtiyatlarının ilkin qiymətləndirilməsi 311 min ton təşkil edib və əlavə geoloji kəşfiyyat nəticəsində təxminən 470 min ton əlavə ehtiyatın mövcud ola biləcəyi ehtimal edilir.

Bu baxımdan qlobal mis bazarında gözlənilən çatışmazlıq Azərbaycanın mədən sənayesi üçün yeni perspektivlər aça bilər. Mis yalnız ənənəvi sənaye üçün deyil, elektrik avtomobilləri, enerji sistemləri, elektronika, süni intellekt infrastrukturu və bərpa olunan enerji texnologiyaları üçün də mühüm xammaldır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır