Modern.az

Tramp Netanyahunu buna görə dəstəkləmir - SƏBƏB

Tramp Netanyahunu buna görə dəstəkləmir - SƏBƏB

Dünya

Bu gün, 17:14

İsrail Baş naziri Benyamin Netanyahunun qarşıdakı seçkilərdə mövqeyi zəifləyir. ABŞ Prezidenti Donald Trampın isə indiyədək Netanyahunu açıq şəkildə dəstəkləməkdən çəkinməsi iki lider arasında siyasi fikir ayrılıqlarının dərinləşdiyi barədə suallar yaradıb.

Modern.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, iki həftə əvvəl Benyamin Netanyahu və Donald Tramp Oval kabinetdə görüşərkən ABŞ Prezidenti İsrail Baş nazirindən oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində reytinqlərinin necə olduğunu soruşub.

Netanyahu cavab verməkdə tərəddüd edib. Bundan sonra onun müşavirlərindən biri müdaxilə edərək “Cənab Prezident, o qalib gəlir” deyib.

Lakin sorğular Netanyahunun hazırda qalib gəldiyini göstərmir. Tramp da jurnalistlərin bununla bağlı dəfələrlə sual verməsinə baxmayaraq, hələlik İsrail Baş nazirinə gözlədiyi açıq dəstəyi verməyib. ABŞ Prezidenti sonradan mövqeyini dəyişə bilər. Lakin seçkilərə cəmi 75 gün qalıb və Netanyahunun vaxtı sürətlə azalır.

Sorğulara əsasən, Netanyahunun hazırkı koalisiyası 49-53 mandat qazana bilər. Bu, koalisiyanın hazırda sahib olduğu 68 mandatdan və hökumət qurmaq üçün tələb olunan 61 mandatdan xeyli azdır.

Müxalifət partiyaları isə 67-70 mandat əldə edə bilər. Netanyahunun əsas rəqibi, İsrail Müdafiə Ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot da sorğuların əksəriyyətində daha yüksək ictimai dəstəyə malikdir.

Bununla belə, Netanyahunun mütləq qalib gəlməsi vacib deyil. Onun əsas məqsədi rəqiblərinin ərəb-israil partiyalarının dəstəyi olmadan hökumət qurmasına imkan verməyəcək qədər səs toplamaqdır.

Əgər bu baş verərsə və tərəflərdən heç biri koalisiya hökuməti formalaşdıra bilməzsə, Netanyahu yeni seçkilər keçirilənədək bir neçə ay baş nazir vəzifəsini icra etməyə davam edə bilər. Hazırda bu ssenari real görünür.

İranla müharibənin ilk həftələrində Trampın bəzi yaxın müşavirləri onun Netanyahunu dəstəkləyəcəyinə əmin idilər. Həmin dövrdə Tramp Netanyahunun korrupsiya ittihamları üzrə məhkəmə prosesini dayandıracaq əfv qərarının verilməsini açıq şəkildə dəstəkləyirdi.

Lakin müharibə uzandıqca Tramp və Netanyahunun xarici siyasət məqsədləri və daxili siyasi maraqları bir-birindən uzaqlaşmağa başlayıb.

Son üç ay ərzində iki lider arasında yalnız İran məsələsində deyil, Livan və Qəzza ilə bağlı da ciddi fikir ayrılığı yaranıb.

İki yüksəkvəzifəli ABŞ rəsmisinin sözlərinə görə, Tramp Netanyahunu şəxsi münasibətlər baxımından yaxşı qarşılasa da, onun qərar və siyasətlərindən məyusdur. Onların sözlərinə görə, Tramp İsrail Baş naziri barədə “Bibi özünün ən böyük düşmənidir” deyib.

İki lider arasında münasibətləri daha da çətinləşdirən son hadisə Netanyahunun Trampın HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutan Qəzza üzrə sülh planına dəstək verməkdən açıq şəkildə imtina etməsi olub.

ABŞ-ın yüksəkvəzifəli rəsmilərindən biri bildirib ki, Ağ Ev Netanyahunun bazar günü verdiyi açıqlamanı rəsmi siyasət bəyanatı deyil, seçki mübarizəsinin bir hissəsi kimi qiymətləndirir.

ABŞ rəsmisi deyib:

“Biz Bibinin siyasi ehtiyaclarını anlayırıq. Bizim bununla problemimiz yoxdur, o şərtlə ki, o, xüsusilə Qəzza zolağına zərbələrin qarşısının alınması məsələsində bizim tələblərimizi yerinə yetirməyə davam etsin”.

Ötən həftə Netanyahu Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığı apararaq şübhələrinə baxmayaraq, sülh planına şans verəcəyinə söz verib. O, həmçinin demilitarizasiya prosesinə start vermək üçün Qəzzaya endirilən zərbələri məhdudlaşdırmağı öhdəsinə götürüb.

ABŞ rəsmisinin sözlərinə görə, bundan sonra İsrail Qəzzaya əvvəlkindən xeyli az zərbə endirib, İsrail Müdafiə Ordusu isə razılaşmaya əsasən dayanmalı olduğu “Sarı xətt”ə geri çəkilib.

Dörd mənbənin məlumatına görə, Cared Kuşner gələn həftə İsrailə səfər edərək Netanyahu və digər rəsmilərlə Qəzza planını müzakirə etməyi planlaşdırır.

Netanyahunun bir sıra siyasi rəqibləri, o cümlədən Qadi Ayzenkot, həmçinin keçmiş baş nazirlər Naftali Bennett və Yair Lapid Trampın hazırkı Baş naziri dəstəkləyəcəyindən narahatdır.

Müxalifət nümayəndələri ortaq dostlar, sponsorlar və digər siyasi müttəfiqlər vasitəsilə Trampa və onun ətrafına qeyri-rəsmi mesajlar göndərərək neytral mövqeyi qorumağa çağırıblar.

Vəziyyət barədə məlumatlandırılan keçmiş ABŞ rəsmisi bildirib ki, Netanyahunun sorğulardakı zəif mövqeyi Trampı birbaşa müdaxilədən uzaqlaşdırıb.

Tramp İsraildə böyük populyarlığa malik idi. Lakin son üç ay ərzində İranla bağlı razılaşma və onun pozulmasından sonra eskalasiyadan geri çəkilmək qərarı səbəbindən Trampın nüfuzu ölkədə zəifləyib.

İsraillilər həmçinin Trampın İsrailin İran, Qəzza, Suriya və Livandakı hərbi əməliyyatlarına tətbiq etdiyi məhdudiyyətlərdən narazıdırlar.

Son həftələrdə jurnalistlər Trampdan dörd dəfə Netanyahunu dəstəkləyib-dəstəkləməyəcəyini soruşublar. O isə hər dəfə birbaşa cavab verməkdən yayınıb.

İyul ayında radio aparıcısı Hyu Hyuitt Trampdan “İsraildə bu vəzifə üçün ondan daha yaxşı biri varmı?” deyə soruşub.

ABŞ Prezidenti isə suala birbaşa cavab verməyərək “Bilmirəm, onların əksəriyyətini tanımıram. Əlbəttə, bəzilərini tanıyıram, amma əksəriyyətini yox” deyib.

Tramp son müsahibələrinin bir neçəsində Netanyahunu “müharibə dövrünün böyük baş naziri” adlandırıb. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, hər dəfə Netanyahu haqqında keçmiş zamanda danışıb.

İsrailli rəsmilər Trampın son görüşləri zamanı əfv məsələsini Netanyahu ilə qapalı şəkildə müzakirə etdiyini bildirsələr də, ABŞ Prezidenti artıq bir neçə aydır bu barədə açıq şəkildə danışmır.

Trampı qarşıda nə gözləyir?

İsraildə keçiriləcək seçkilər Trampın hakimiyyətdə qalan iki ili ərzində Yaxın Şərq gündəliyi üçün həlledici əhəmiyyət daşıyır. Xüsusilə İran böhranının “nə razılaşma, nə də müharibə” vəziyyətində qalması fonunda bu məsələ daha da aktuallaşır.

Tramp həmçinin Qəzza üzrə sülh planını irəlilətmək, İsrail-Livan danışıqlarında nəticə əldə etmək, İsrail və Suriya arasında təhlükəsizlik sazişi bağlamaq və ən əsası, İsrail ilə Səudiyyə Ərəbistanı arasında tarixi sülh razılaşmasına nail olmaq niyyətindədir.

Tramp və onun komandası 2019-cu ildə İsraildə baş verən siyasi böhranı da xatırlayırlar. Həmin böhran üç ardıcıl seçkinin keçirilməsinə səbəb olmuş və Yaxın Şərqdə diplomatik səylərin bir il ərzində dayanmasına gətirib çıxarmışdı.

ABŞ-ın yüksəkvəzifəli rəsmisi bildirib ki, Ağ Ev əvvəlki səhvləri təkrarlamayacaq və İsrailin daxili siyasətinin regional gündəliyin həyata keçirilməsinə mane olmasına imkan verməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır