İndoneziyanın Flores adası yaxınlığında baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb. Modern.az xəbər verir ki, AFP xilasetmə xidmətlərinə istinadən dağıntılar altında qalan şəxslərin axtarışlarının davam etdiyini yazıb.
Məlumata görə, zəlzələ Flores adasının şimal sahillərində, İndoneziyanın şərq hissəsində baş verib. Xilasetmə xidmətləri ölənlərin dörd yaşayış məntəqəsində aşkarlandığını bildirib. Daha 6 nəfər yaralanıb, 2 nəfərin isə hələ də dağıntılar altında qaldığı qeyd olunur.
Ən ağır vəziyyət episentrə ən yaxın ərazi olan Naqekeo rayonunda yaranıb. Torpaq sürüşmələri nəticəsində bir neçə yolun bağlanması xilasetmə işlərini çətinləşdirir.
Zəlzələdən sonra sahilyanı ərazilərdə yaşayan insanlar təcili olaraq yüksəkliklərə çıxıblar. Bundan əvvəl dəniz suyunun səviyyəsinin nəzərəçarpacaq dərəcədə geri çəkilməsi sunami təhlükəsinə işarə kimi qiymətləndirilib.
Hakimiyyət orqanları sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan etsə də, bir neçə saat sonra xəbərdarlıq ləğv edilib. Bununla belə, davam edən yeraltı təkanlar səbəbindən əhaliyə zədələnmiş binalara qayıtmamaq tövsiyə olunub.
İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinin məlumatına görə, əsas zəlzələdən sonra onlarla afterşok qeydə alınıb. Onlardan ən güclüsünün maqnitudası 6,1 olub. Zərərçəkən ərazilərdə dəniz səviyyəsinə nəzarət davam etdirilir.
Hadisə şahidləri bölgədə panika və kütləvi təxliyə olduğunu bildiriblər. İnsanlar yaşayış məntəqələrini piyada, motosiklet və avtomobillərlə tərk edərək yüksəkliklərə üz tutublar.
Zəlzələnin episentri Ende şəhərindən təxminən 68 kilometr şimal-qərbdə yerləşib. Dağıntıların ümumi miqyası hələ tam müəyyənləşdirilməyib.
İndoneziya Sakit okeanın “Atəş halqası” adlanan seysmik aktiv zonasında yerləşdiyindən güclü zəlzələlərlə tez-tez üzləşir. 1992-ci ildə Flores sahillərində baş verən 7,7 maqnitudalı zəlzələ sunamiyə səbəb olmuş və təxminən 2,5 min insanın ölümünə gətirib çıxarmışdı.