3 iranlı pilot hərbi təyyarələrin vurulmasından sonra 6 aydır Qətər tərəfindən əsir saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsi məlumat yayıb.
Komitənin komandiri, briqada generalı Məhəmməd Baqerzade Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Şpoljariç Eqgerə ünvanladığı məktubda bildirib ki, Cavad Salehi, Əbdülməcid Dəştian və İmran Bəhruşian adlı pilotlar martın 2-də iki “Su-24” tipli döyüş təyyarəsinin vurulmasından sonra Qətər qüvvələri tərəfindən saxlanılıb.
İranlı general Qızıl Xaç Komitəsindən pilotlarla mümkün qədər tez görüşməyi, onların sağlamlıq vəziyyəti barədə İranı məlumatlandırmağı və azadlığa buraxılmaları üçün zəruri şəraitin yaradılmasına kömək etməyi xahiş edib.
Qeyd edək ki, İran daha əvvəl Qətərdəki ABŞ hərbi bazasına qarşı həyata keçirilən hücumlar zamanı iki döyüş təyyarəsinin vurulduğunu açıqlamışdı. Hadisə nəticəsində həlak olan pilot Məcid Kazıminin cənazəsi İrana qaytarılaraq dəfn edilib. Digər 3 pilotun taleyi isə uzun müddət məlum olmayıb.