Modern.az

Şimali Koreya Ukrayna müharibəsinə daha 50 min əsgər göndərir

Şimali Koreya Ukrayna müharibəsinə daha 50 min əsgər göndərir

Dünya

Bu gün, 11:13

Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsinə yenidən genişmiqyaslı şəkildə qoşula bilər.

Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Moskva 50 minə qədər Şimali Koreya hərbçisinin Rusiyaya göndərilməsinə hazırlaşır.

Bundan əvvəl bu rəqəmin təxminən 30 min nəfər olacağı ehtimal edilirdi.

İlk Şimali Koreya hərbi birləşmələri 2024-cü ilin sonlarında Rusiyaya gəlib. Onlar Rusiya ordusunun Ukrayna qüvvələrini bölgədən çıxarmağa çalışdığı Kursk vilayətindəki döyüşlərə cəlb olunublar.

Müxtəlif hesablamalara görə, Kursk əməliyyatında 11-14 minə yaxın Şimali Koreya hərbçisi iştirak edib. Onların ciddi itkilər verdiyi bildirilir. Ukrayna kəşfiyyatı təxminən 3 min hərbçinin öldürüldüyünü, daha 1500 nəfərin yaralandığını açıqlayıb. BBC-nin Pxenyandakı memorial kompleks üzərində apardığı təhlil isə ölənlərin sayının təxminən 2300 nəfər olduğunu göstərib.

Bununla belə, Şimali Koreya Rusiya ilə hərbi əməkdaşlıqdan imtina etməyib.

Şimali Koreya hərbçiləri müasir müharibənin onlar üçün qeyri-adi taktikaları səbəbindən ilk mərhələdə böyük itkilərlə üzləşiblər. Onlar pilotsuz uçuş aparatlarından, artilleriyadan və yüksək dəqiqlikli silahlardan geniş istifadə olunan döyüş şəraitində fəaliyyət göstərməli olublar.

Cənubi Koreyadan olan tədqiqatçı Yan Ukun sözlərinə görə, Şimali Koreya hərbçiləri zaman keçdikcə döyüş şəraitinə uyğunlaşıblar.

Ukrayna hərbçilərinin sözlərinə görə, Şimali Koreya əsgərləri əvvəlcə böyük qruplarla hücum edərək ciddi itkilər veriblər. Daha sonra taktikanı dəyişərək daha mobil bölmələrdən istifadə etməyə başlayıblar.

Onların döyüş meydanındakı davranışlarının ən diqqətçəkən xüsusiyyətlərindən biri isə əsir düşməmək istəyi olub. Ukrayna hərbçiləri yaralanan Şimali Koreya əsgərlərinin əsir düşməmək üçün intihar etdiyi hallar barədə məlumat veriblər.

Pxenyanda həlak olan hərbçilər rəsmi şəkildə qəhrəman elan edilib və onların əsir düşməkdənsə özlərini partlatmağa üstünlük verdikləri bildirilib.

Şimali Koreya üçün Rusiya ilə əməkdaşlıq yalnız hərbi deyil, həm də iqtisadi əhəmiyyət daşıyır.

Pxenyan hərbi yardım müqabilində Moskvadan ərzaq, neft və xarici valyuta əldə edir. Cənubi Koreyalı tədqiqatçı Lim Su Honun hesablamalarına görə, Rusiyaya silah satışı və hərbçilərin göndərilməsi Şimali Koreyaya təxminən 10 milyard dollar gəlir gətirə bilər.

Moskva ilə yaxınlaşma həmçinin Pxenyanın ənənəvi olaraq Çindən asılılığını azaltmasına imkan verir.

Moskva üçün Şimali Koreya hərbçiləri şəxsi heyət çatışmazlığını kompensasiya etmək vasitələrindən biridir. Qərb və Ukrayna xüsusi xidmətlərinin qiymətləndirmələrinə görə, Rusiya ordusu hər ay cəlb edə bildiyindən daha çox hərbçi itirir.

Bu səbəbdən Rusiya xarici vətəndaşların orduya cəlb edilməsini getdikcə artırır. Şimali Koreya vətəndaşları ilə yanaşı, müxtəlif ölkələrdən olan muzdlu döyüşçülərin də Rusiya bölmələrində vuruşduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi