Moskvada yüksək vəzifəli Rusiya rəsmisinin kortejindəki avtomobili partlatmağı planlaşdıran 1993-cü il təvəllüdlü şəhər sakini saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva və Moskva vilayəti üzrə idarəsi məlumat yayıb.
FTX-nin məlumatına görə, saxlanılan şəxs terror təşkilatının üzvü olub və Moskva vilayətində yüksək vəzifəli dövlət məmurunun kortejinə daxil olan avtomobili partlatmaqla terror aktı törətməyi planlaşdırıb.
İdarənin bildirdiyinə görə, şübhəli şəxs internet vasitəsilə kustar üsulla hazırlanmış partlayıcı maddələrdən istifadə qaydalarını öyrənib və partlayıcı qurğunun hazırlanması üçün komponentlər əldə edib.
Onun barəsində Rusiya Cinayət Məcəlləsinin terror fəaliyyətinə yardım, terrorçu birliyində iştirak, partlayıcı maddələrin qanunsuz hazırlanması, terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə təlim keçmə, ekstremist təşkilatın fəaliyyətində iştirak və terror aktına hazırlıq maddələri ilə cinayət işləri açılıb.
Məlumata əsasən, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirirlər.