Avropa İttifaqı (Aİ) Rusiyanın insan tələfatına səbəb ola biləcək genişmiqyaslı hibrid hücumuna hazırlaşır və belə bir hücum baş verəcəyi təqdirdə birgə cavab tədbirlərini müzakirə edir.
Modern.az xəbər verir ki, bu barədə “Politico”ya beş avropalı diplomat və yüksəkvəzifəli məmur bildirib.
Onların sözlərinə görə, son həftələrdə Aİ-yə üzv olan 27 ölkənin səfirləri belə bir ssenarini qapalı görüşlərdə müzakirə ediblər. Görüşlər “məhdud formatda”, telefon və köməkçilər olmadan keçirilib. Müzakirələrin avqust ayında Leypsiq hava limanında partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatlarının aşkarlanmasından sonra intensivləşdiyi bildirilir.
Aİ artıq bir neçə ildir ki, kiberhücumlar, seçkilərə müdaxilə və diversiyalar da daxil olmaqla hibrid təhdidlərə qarşı mümkün cavab mexanizmləri hazırlayır. Lakin nəşrin mənbələrinə görə, son müzakirələr daha ciddi və çoxsaylı insan tələfatına səbəb ola biləcək əməliyyatlar ehtimalına yönəlib. Aİ-nin yüksəkvəzifəli diplomatlarından biri bildirib ki, Leypsiqdəki insidentdən sonra çoxsaylı insan tələfatı ilə nəticələnə biləcək “çox ciddi hadisə”nin baş verməsi ehtimalını istisna etmək mümkün deyil. Digər diplomat isə Rusiyanın həyata keçirdiyi əməliyyatların miqyasını nəzərə alaraq, gec-tez insan tələfatının baş verə biləcəyini deyib. O, indiyədək belə itkilərin olmamasını “sırf şans” adlandırıb. Bu çərçivədə Aİ-də fövqəladə hallara operativ reaksiya verəcək qrupların yaradılması, hücuma məruz qalan ölkəyə ittifaq büdcəsindən vəsait ayrılması, eləcə də Avropa institutlarının rəhbərliyinin baş verənlərlə bağlı ictimaiyyəti necə məlumatlandırmalı olduğu müzakirə edilir.
NATO-dan olan diplomatın sözlərinə görə, əgər qəsdən törədilmiş hücum kimi qiymətləndirilən hadisə nəticəsində Aİ və ya NATO ölkələrinin bir neçə vətəndaşı həlak olarsa, hər iki təşkilata cavab tədbirləri görməsi üçün təzyiq son dərəcə yüksək olacaq. Bununla yanaşı, Aİ-nin mümkün hücuma hazırlığı qurumun təhlükəsizlik sahəsində hansı rolu oynamalı olduğu ilə bağlı fikir ayrılıqları fonunda aparılır. Məmurların sözlərinə görə, bəzi ölkələr təklif olunan yeni mexanizmlərin NATO-nun funksiyalarını təkrarlaya biləcəyini düşünür.
Bu çərçivədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Avropa Təhlükəsizlik Şurasının və “fövqəladə hallara reaksiya protokolu”nun yaradılması təklifləri də müzakirə olunur. Mənbələr bildiriblər ki, bu təşəbbüslər noyabrın əvvəlində təqdim edilməsi planlaşdırılan yeni Avropa Təhlükəsizlik Strategiyasına daxil edilə bilər.
Bəzi diplomatlar isə yeni strukturlar yaratmaq əvəzinə Aİ-nin artıq mövcud olan Böhranlara Siyasi Cavab üzrə İnteqrasiya Mexanizmindən (IPCR) istifadə etməsinin daha məqsədəuyğun olduğunu düşünürlər. Bu mexanizm Aİ ölkələrinin və beynəlxalq təşkilatların nümayəndələrinin fövqəladə iclaslarının çağırılmasına imkan verir.
NATO-nun keçmiş nümayəndəsi Oana Lunqeskunun fikrincə, kütləvi insan tələfatı ilə nəticələnəcək hücum baş verəcəyi təqdirdə səlahiyyətlər iki təşkilat arasında bölüşdürülməlidir. Onun fikrincə, NATO kəşfiyyat məlumatlarının mübadiləsi və hərbi çəkindirmə ilə, Aİ isə mülki reaksiyanın təşkili ilə məşğul olmalıdır.