Polşanın Ostroleka şəhərində peşə məktəbində 19 yaşlı şagirdin bıçaqlı hücumu nəticəsində 10 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs həmin məktəbin şagirdi olub. O, məktəbdə digər şagirdlərə və müəllimə hücum edib, daha sonra isə binadan qaçarkən yaxınlıqda daha iki nəfəri yaralayıb.
Mazure voyevodalığının qubernatoru Mariusz Frankovskinin sözlərinə görə, yaralananlar arasında 5 şagird, 2 müəllim və 2 yoldan keçən şəxs, həmçinin özünə xəsarət yetirən hücum edən şəxs var. Doqquz nəfər xəstəxanaya yerləşdirilib. Onların heç birinin həyati təhlükəsinin olmadığı bildirilib.
Polis 19 yaşlı şübhəlini hadisədən təxminən 20 dəqiqə sonra şəhər çimərliyinin yaxınlığında saxlayıb. Saxlanılarkən onun da xəsarət aldığı və tibbi yardım göstərildiyi bildirilir.
Hadisənin motivi hələlik açıqlanmayıb.