ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını və yanacaq tədarükünü müzakirə etdiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində Putinlə çox uğurlu telefon danışığı keçirdiyini yazıb.
Trampın iddiasına görə, danışıq zamanı Rusiyanın dərhal ABŞ və dünya bazarlarına 300 min tondan çox dizel yanacağı tədarük etməsi barədə razılıq əldə olunub. Daha sonra noyabr ayında əlavə 500 min ton, bunun ardınca isə 1 milyon ton yanacağın göndərilməsi nəzərdə tutulur. O, həmçinin Rusiyanın neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, qısa müddət ərzində daha 3 milyon ton dizel yanacağı tədarük edə biləcəyini bildirib.
Tramp bunu “Rusiya enerji resursları ilə bağlı möhtəşəm açıqlama” adlandırıb. Onun fikrincə, bu tədarüklər nəticəsində ABŞ-da və ümumilikdə dünyada dizel yanacağının qiymətləri rekord sürətlə aşağı düşəcək.
ABŞ Prezidenti vurğulayıb ki, xüsusilə kənd təsərrüfatı və nəqliyyat sektorunda çalışan amerikalılar üçün yanacağın ucuzlaşmasını təmin etmək onun ən mühüm prioritetlərindən biridir.
Tramp, həmçinin ABŞ-ın Hörmüz boğazındakı vəziyyətə tam nəzarət etdiyini bildirib.
“Bundan əlavə, İranın nüvə silahına sahib olmayacağını da anlamaq lazımdır”, – deyə o əlavə edib.