Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub.
Modern.az xəbər verir ki, buna səbəb həmin şəxslərin hadisə baş verən an iaşə obyektində xuliqanlıq əməllərinə yol vermələridir.
Məlumata əsasən, qətl hadisəsi baş verəndən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları “Günəş” restoranına gəliblər. Polis əməkdaşı qətlin şahidi olan bu gəncləri prokurorluğa ifadə verməyə çağırıb. Lakin onlar üzrlü səbəbləri olmadığı halda ifadə verməkdən boyun qaçırıblar və polisin qanuni tələbinə məhəl qoymayıblar.
Nəticədə həmin gün “Günəş” restoranında doğum günü olan 24 yaşlı şəxs, həmçinin onunla birgə ad gününü qeyd etməyə gələn 26, 23, 31, 21 və ikisi də 28 yaşlı dostları saxlanılaraq, polis şöbəsinə aparılıblar. Onların hər biri barəsində müvafiq protokollar tərtib olunub.
Saxlanılan şəxslərin hər biri hadisə zamanı sərxoş olduqlarını deyiblər. Həmçinin dostlar əməllərindən peşman olduqlarını bildirərək, barələrində yüngül cəza verilməsini istəyiblər.
Məhkəmənin qərarı ilə ad günü olan şəxs özü 25, onun 23 yaşlı bir dostu 5 gün müddətinə, qalan 5 nəfərin hər biri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, hadisə avqustun 6-da Gəncə şəhərindəki "Günəş" restoranında baş verib. Mübahisə zamanı 43 yaşlı Asif Yusifov aldığı bıçaq xəsarətlərindən ölüb. Cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı M. Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb. (Lent.az)