FIFA-nın yaydığı məlumata görə, ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında meydana çıxacaq 48 komandanın 1248 futbolçusu müəyyənləşib.
Modern.az-ın məlumatına görə, qurumun açıqlamasında bildirilib ki, turnuva qlobal futbol üçün dönüş nöqtəsi hesab olunur və əvvəlkindən daha çox ölkə, futbolçu və azarkeş üçün yeni imkanlar yaradır.
Yarışda iştirak edəcək futbolçulardan 357-si daha əvvəl ən azı bir dəfə dünya çempionatının iştirakçısı olub. Bununla yanaşı, 891 oyunçu mundial həyəcanını ilk dəfə yaşayacaq.
Yarışın ən yaşlı futbolçusu Şotlandiya millisinin qapıçısı 43 yaşlı Kreyq Qordon, ən gənc iştirakçı isə Meksika millisinin 17 yaşlı futbolçusu Gilberto Mora olacaq.
Mundiala 20 yaşdan aşağı 22 futbolçu, 40 yaş və üzəri isə 7 oyunçu dəvət alıb.
Daha əvvəl dünya çempionluğu yaşamış 22 futbolçu da yenidən mundial səhnəsinə qayıdır.
Yaşıl Burun Adaları, Kurasao, İordaniya və Özbəkistan tarixlərində ilk dəfə FIFA Dünya Çempionatında iştirak edəcəklər.
Qana millisinin portuqaliyalı baş məşqçisi Karlos Keyruş da rekord göstəriciyə imza atmağa hazırlaşır. O, 1986–2002-ci illərdə ardıcıl beş dünya çempionatında iştirak edən Bora Milutinoviçdən sonra bunu bacaran ikinci mütəxəssis olacaq. Keyruş daha əvvəl 2010-cu ildə Portuqaliya, 2014, 2018 və 2022-ci illərdə isə İran millilərinə rəhbərlik edib.
Argentina millisinin kapitanı Lionel Messi, Portuqaliya yığmasının lideri Kriştiano Ronaldo və Meksika millisinin qapıçısı Gilyermo Oçoa karyeralarında altıncı dünya çempionatında iştirak etməyə hazırlaşırlar.
FIFA qaydalarına əsasən, komandalar ilk oyunlarının start fitindən 24 saat əvvələ qədər ciddi zədə və ya xəstəlik hallarında heyətdə dəyişiklik edə bilərlər.