2026 FIFA Dünya Çempionatında ikinci finalçı da müəyyənləşib.
Modern.az xəbər verir ki, Argentina yarımfinalda İngiltərəni dramatik şəkildə 2:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib. Beləliklə, iyulun 19-da keçiriləcək həlledici qarşılaşmada Argentina İspaniya ilə üz-üzə gələcək.
Atlanta şəhərində baş tutan yarımfinalın ilk hissəsində hesab açılmasa da, İngiltərə 55-ci dəqiqədə Entoni Qordonun qolu ilə önə keçdi. Lakin Lionel Skaloni komandasında etdiyi dəyişikliklərlə oyunun gedişini dəyişdi. 85-ci dəqiqədə Enzo Fernandes uzaq məsafədən vurduğu qolla hesabı bərabərləşdirdi, əlavə vaxtda isə Lionel Messinin dəqiq ötürməsini Lautaro Martines qola çevirərək Argentinaya final biletini qazandırdı.
Finalın diqqət çəkən məqamlarından biri isə Lionel Messi ilə İspaniyanın gənc ulduzu Lamin Yamal arasında yaşanacaq simvolik görüşdür. Son günlər sosial şəbəkələrdə yenidən viral olan fotoda 2007-ci ildə UNICEF və "Diario Sport" qəzetinin xeyriyyə təqvimi üçün keçirilən fotosessiyada gənc Messi körpə Lamin Yamalı çimizdirir. Uzun illər bu fotonun montaj olduğu düşünülsə də, onun həqiqi olduğu təsdiqlənib. İndi isə həmin körpə dünya futbolunun ən parlaq istedadlarından biri kimi Dünya Çempionatının finalında Messinin rəqibi olacaq.
39 yaşlı Lionel Messi turnirdə hələ də həlledici fiqurlardan biridir. O, İngiltərə ilə oyunda qələbə qolunun məhsuldar ötürməsini verərək komandasını növbəti finala daşıdı və Qızıl Buts uğrunda yarışda liderliyini qorudu.
Beləliklə, iyulun 19-da Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək final təkcə Argentina və İspaniya arasında dünya çempionluğu uğrunda mübarizə olmayacaq. Bu oyun həm də futbol tarixinin ən təsirli simvolik hekayələrindən birinə səhnə olacaq: illər əvvəl körpə Lamin Yamalı çimizdirən Lionel Messi indi karyerasının son Dünya Çempionatı finalında məhz həmin futbolçuya qarşı meydana çıxacaq.
Nicat Rüstəmzadə