"Qarabağ" bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" klubu ilə qarşılaşacaq. İlk görüşdə 3:0 hesablı inamlı qələbə qazanan Ağdam təmsilçisi növbəti mərhələyə böyük üstünlüklə yaxınlaşsa da, futbol ictimaiyyətini düşündürən əsas sual yenilənmiş heyətin ötən mövsüm Avrokuboklarda nümayiş etdirilən uğurlu çıxışı davam etdirə bilib-bilməyəcəyidir.
Modern.az xatırladır ki, yay fasiləsində "Qarabağ" heyətində ciddi dəyişikliklər yaşanıb. Komandanı Leandro Andrade, Emmanuel Addai, Kamilo Duran, Kevin Medina, Kris Kuaku, Nəriman Axundzadə, Sami Mmae, Fabiyan Buntiç, Toral Bayramov, Ramil Şeydayev, Amin Ramazanov tərk ediblər. Əsas heyətin bir neçə aparıcı üzvünün ayrılması Qurban Qurbanovu heyəti yenidən formalaşdırmağa məcbur edib.
Bunun əvəzində klub Bruno Lanqa, Zakaria Savo, Martin Zlomisliç, Renaldo Cefas, Samuel Lobato, Cali Mouaddib, Cebrail Makreckis, Bens Varkoni və digər futbolçuları transfer edərək heyəti gücləndirib. Yeni oyunçuların komandaya uyğunlaşması istiqamətində hazırlıq prosesi davam edir.
Məsələ ilə bağlı baş məşqçi, keçmiş futbolçu Şahin Diniyev saytımıza açıqlama verib.
O, komandanın tamamilə dəyişmədiyini, komandanın öz oyun üslubunu qoruyub saxladığını söyləyib:
“Əvvəla onu deyim ki, heyət tamamilə dəyişməyib. Start heyətində cəmi iki-üç yeni futbolçu var idi, qalan səkkiz-doqquz oyunçu isə əvvəlki heyətdən qalan futbolçular idi. Bəli, sonradan meydana daxil olan üç-dörd yeni oyunçu da oldu. Amma bu, Qarabağın tamamilə fərqli heyətə malik olması demək deyil.
Qarabağ öz oyun üslubunu qoruyub saxlayıb. Belə desək, komandanın onurğa sütunu yerində qalıb və həmin əsas heyətə cəmi bir neçə yeni futbolçu əlavə olunub. Bunu qiymətləndirmək üçün zamana ehtiyac var. İndidən demək olmaz ki, bu komanda əvvəlkindən güclü olacaq, yoxsa zəif... Futbolda bunun cavabını nəticələr verir.
Digər tərəfdən, komandanın real gücünü güclü rəqiblərə qarşı oyunlar göstərir. Hələlik Qarabağ güclü rəqiblərlə qarşılaşmayıb. Ona görə də indidən qəti fikir söyləmək düzgün olmaz. Düşünürəm ki, həm komanda daha güclü rəqiblərlə qarşılaşdıqca, həm də yeni futbolçuların adaptasiyası üçün zaman keçdikcə Qarabağın necə bir komanda olacağını daha dəqiq görə biləcəyik".
Baş məşqçi Qarabağın heyətində böyük itkilərin olduğunu düşünmür.
"Bəzi futbolçuların gedişi əlbəttə ki, təsirsiz deyil, amma əsas məsələ odur ki, orta xəttin onurğa sütunu, müdafiə xətti və qapıçı kimi vacib mövqelərdə komandanın əsas skeleti qorunub saxlanılıb. Buna görə də hesab edirəm ki, ilk oyuna əsasən Qarabağda hələlik ciddi dəyişiklik yoxdur. Amma gələcəkdə addım-addım hansı dəyişikliklərin olacağını zaman göstərəcək”.
Keçmiş baş məşqçinin fikrincə, hazırlıq mərhələsində və "Vestri" ilə ilk oyunda görünən odur ki, Qurban Qurbanovun oyun fəlsəfəsi dəyişməyib.
"Lakin heyətin əhəmiyyətli dərəcədə yenilənməsi fonunda yeni transferlərin ötən mövsüm Avropada komandanın əsas yükünü çəkən futbolçuların boşluğunu nə dərəcədə dolduracağı hələ məlum deyil. Qarşıdakı mərhələlərdə daha güclü rəqiblərə qarşı keçiriləcək oyunlar bu suala aydınlıq gətirəcək.
Bu baxımdan "Vestri" ilə bugünkü cavab oyunu "Qarabağ" üçün təkcə növbəti mərhələyə vəsiqə qazanmaq baxımından deyil, həm də yenilənmiş heyətin Avropa arenasında hansı potensiala malik olduğunu göstərmək üçün ilk ciddi imtahan hesab olunur. Bu sınaqdan uğurla çıxacağı təqdirdə, Ağdam klubunun ötən mövsüm Avrokuboklarda qazandığı uğurları inkişaf etdirmək üçün real şansa sahib olduğu daha aydın görünəcək".
Nicat Rüstəmzadə