Modern.az

Azərbaycan millisi Dünya Çempionatına gedə bilər?

Azərbaycan millisi Dünya Çempionatına gedə bilər?

İdman

Bu gün, 10:48

2030-cu ildə keçiriləcək futbol üzrə Dünya Çempionatı həm turnirin 100 illiyi, həm də mümkün format dəyişiklikləri ilə əlaqədar futbol ictimaiyyətinin diqqət mərkəzindədir. Hazırda mundialda 48 komandanın iştirakı nəzərdə tutulsa da, yubiley münasibətilə iştirakçı sayının 64-ə çatdırılması ilə bağlı təkliflər də müzakirə olunur. Hələlik bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib. Lakin belə bir dəyişiklik baş verərsə, daha çox milli komandanın dünya çempionatında iştirak etmək şansı yaranacaq.

Bu ehtimal Azərbaycan millisinin də dünya futbolunun ən nüfuzlu turnirlərindən birində çıxış etmək imkanları ilə bağlı müzakirələri gündəmə gətirib. İndiyədək mundialda iştirak etməyən Azərbaycan üçün belə bir fürsət təkcə milli komandanın nəticələri baxımından deyil, həm də futbolçularımızın beynəlxalq arenada tanınması, xarici klubların diqqətini cəlb etməsi, ölkə futbolunun reytinqinin və nüfuzunun artması baxımından mühüm əhəmiyyət daşıya bilər.

Bununla yanaşı, Dünya Çempionatı səviyyəsində çıxış etmək üçün hansı hazırlıq mərhələlərindən keçmək, hansı amillərə diqqət yetirmək lazım olduğu da müzakirə mövzusudur.

Məsələ ilə bağlı veteran futbolçu, təcrübəli mütəxəssis Arif Əsədov Modern.az-a açıqlama verib.

O, düzgün iş və hazırlıqla Dünya Çempionatına vəsiqə qazanmağın mümkün olduğunu bildirib:


“2030-cu ildə komanda sayının 64-ə çatdırılması məsələsi müəyyən suallar yaradır. Çünki 64 milli komandanın iştirakı turnirin keyfiyyəti baxımından müəyyən müzakirələrə səbəb ola bilər. Digər tərəfdən isə bu il keçirilən Dünya Çempionatında 48 komandanın iştirakı ilə bağlı da əvvəlcədən müxtəlif fikirlər səsləndirilirdi. Lakin bu formatın müəyyən mənada özünü doğrultduğu da görünür.

Azərbaycan millisinin Dünya Çempionatında çıxış etməyə hazır olub-olmamasına gəldikdə isə təbii ki, hamımız istəyərik ki, milli komandamız belə geniş formatlı turnirdə iştirak etsin. Bunun üçün müəyyən imkanlar yaranır. Qarşıda hələ vaxt var və dörd il ərzində çox şey dəyişə bilər.

Lakin bunun üçün əsas şərt odur ki, milli komandamız qarşıdakı seçmə oyunlarda tez bir zamanda formalaşsın və uğurlu nəticələr əldə etsin. Düzgün qurulan iş, planlı hazırlıq və əldə olunan nəticələr sayəsində Azərbaycan millisinin də belə bir turnirdə iştirak etmək şansı arta bilər. Biz də arzu və ümid edirik ki, millimiz həmin Dünya Çempionatında öz yerini tuta biləcək”.

O, futbolçularımızın xaricdə oynayıb beynəlxalq təcrübə toplamalı olduqlarını söyləyib:

“Burada əsas məqam Dünya Çempionatına vəsiqə qazanmaq üçün futbolçularımızın xaricdə çıxış etməsidir. Azərbaycanda legioner limitinin də aradan qaldırılması müəyyən çətinliklər yarada bilər. Bu baxımdan vacibdir ki, oyunçularımız beynəlxalq arenada özlərini göstərsinlər və güclü klublarda çıxış etsinlər.
Məsələn, Kabo-Verde kimi ölkələrə baxsaq, onların futbolçuları Fransa, İtaliya, İngiltərə kimi ölkələrin aparıcı klublarında oynayırlar. Məhz bu beynəlxalq təcrübə onların dünya çempionatına vəsiqə qazanmasında mühüm rol oynayır.
Bu gün yalnız yerli çempionatdakı oyunçu resursları ilə kifayətlənmək bizim üçün çətinlik yarada bilər. Futbolçularımızın xaricdə çıxış etməsi, beynəlxalq təcrübə toplaması Azərbaycan millisinin Dünya Çempionatına gedən yolunu asanlaşdıra bilər”.

Nicat Rüstəmzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi