Modern.az

Elxan Səmədov Peşəkar Futbol Liqasına prezident seçildi - Tərcümeyi-hal

Elxan Səmədov Peşəkar Futbol Liqasına prezident seçildi - Tərcümeyi-hal

İdman

Bu gün, 13:50

Bu gün Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağı keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Yığıncaq Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və dünyasını dəyişmiş futbol adamlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Səsvermə hüququna malik üzvlərin iştirakı ilə yetərsay təmin olunduğu üçün Yığıncaq səlahiyyətli elan edilib. Prosedura uyğun olaraq ilk növbədə Yığıncağın işçi heyəti səsverməyə çıxarılıb. 

İşçi heyət təsdiqləndikdən sonra Ümumi Yığıncağın gündəliyi elan olunub. 

Ardınca tədbir iştirakçılarına PFL-in son 4 illik fəaliyyətini əks etdirən geniş videosüjet təqdim olunub. Daha sonra maliyyə hesabatı ilə çıxış etmək üçün söz PFL-in mühasibi Həci Babayevə və ardından müstəqil auditor Natiq Kərimova verilib.

Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib. 

Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində PFL-in idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:

Elxan Səmədov – PFL prezidenti
Məlik Həsənov – İdman işləri üzrə müşavir
Aslan Şahgəldiyev – Vitse-prezident
Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
Elgiz Abbasov – Texniki-idman direktoru
Sənan Abdullayev – Media və marketinq direktoru

Dosye:

Elxan Zakir oğlu Səmədov 1974-cü il yanvarın 14-də Bakı şəhərində anadan olub.

O, 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil alıb.

1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb və buranı qırmızı diplomla bitirib.

1995-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universitetində aspirantura təhsili alıb.

2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center”da təhsil alıb.

2006-cı ildə Filologiya üzrə fəlsəfə doktoru adına yiyələnib.

2007-ci ildə Vaşinqton şəhərində “Georgetown University” “International Law Institute”da təhsil alıb.

Frankfurtda UEFA-nın elit klub proqramı üzrə təhsil alıb.

Oksford universitetində baş icraçı rəhbərlər üçün liderlik proqramına daxil olub.

"Swiss Montreux Business School"da psixologiya üzrə MBA prqramında təhsil alır. 

MCIPS-in MER (Management Entry Route) yolu ilə tam hüquqlu peşəkar üzvüdür.

Tarixi "Əsrin müqaviləsi"ndə, həmçinin bir sıra nazirlik və dövlət qurumlarının mühüm tədbirlərində tərcüməçi kimi fəaliyyət göstərib.

1993-1999-cu illərdə “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində işləyib.

1999-2001-ci illərdə Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.

2001-2009-cu illərdə “Karasu Operating Company” və “Absheron Operating Company” şirkətlərində çalışıb.

2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru işləyib.

2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı - 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.

2021-ci ildən 29 iyul 2022-ci ilədək AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində işləyib.

2022-ci ildə 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasının sahibidir.

Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynəlxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib. Azərbaycan Basketbol Liqasının çempionu olub. Məşqçi kimi Azərbaycan Futzal Kubokunun və I Liqasının qalibi olub.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Evlidir, bir övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 2-ci paytaxtı darmadağın edildi: Alov bütün şəhəri bürüdü