Modern.az

Rodriyə verilən mükafat müzakirə olunur: ən yaxşı kim olmalı idi? - SORĞU

Rodriyə verilən mükafat müzakirə olunur: ən yaxşı kim olmalı idi? - SORĞU

İdman

Bu gün, 15:12

Futbol üzrə 2026-cı ilin Dünya Çempionatı başa çatsa da, turnirin ən yaxşı oyunçusu seçilən Rodri ilə bağlı müzakirələr hələ də davam edir. İspan yarımmüdafiəçi kubok uğrunda mübarizədə komandasının əsas dayaqlarından biri olsa da, onun fərdi statistikası hücumçularla müqayisədə diqqət çəkir. Rodri mundialı 0 qol və 0 assistlə başa vurdu. Buna baxmayaraq, onun oyunun tempini idarə etməsi, topa nəzarəti, düzgün mövqelənməsi və komandasına verdiyi taktiki balans mükafat üçün əsas arqumentlər kimi göstərildi.

Amma Rodrinin seçilməsi futbol ictimaiyyətində suallar da yaratdı. Çünki turnirdə Lionel Messi və Kilian Mbappe kimi hücumçuların statistik göstəriciləri daha parlaq idi.

Fransa millisinin ulduzu Kilian Mbappe mundialı möhtəşəm rəqəmlərlə tamamladı. O, 10 qol və 4 assistlə turnirin ən məhsuldar futbolçularından biri oldu və hücumda Fransanın əsas silahına çevrildi. Mbappe sürəti, fərdi bacarığı və həlledici anlarda üzərinə məsuliyyət götürməsi ilə seçildi.

Lionel Messi isə son Dünya Çempionatında Argentina millisinin lideri kimi tarix yazdı. Argentinalı futbolçu turniri 8 qol və 4 assistlə başa vurdu. Messi təkcə qol vurmaqla kifayətlənmədi, həm də komandasının hücumlarını qurdu, vacib ötürmələri və oyunu oxuma bacarığı ilə fərqləndi. Onun performansı Argentinanın çempionluğunda əsas amillərdən biri oldu.

Rodrinin tərəfdarları isə bildirirlər ki, futbol yalnız qol və assistdən ibarət deyil. Dayaq yarımmüdafiəçisinin əsas işi hücum statistikası toplamaq yox, komandanın oyun quruluşunu qorumaq, rəqib hücumlarını dayandırmaq və oyunun ritmini idarə etməkdir. Bu baxımdan Rodri komandasının sistemində əvəzolunmaz rol oynadı.

Lakin tənqidçilər hesab edirlər ki, fərdi mükafatlarda yadda qalan anlar və nəticəyə birbaşa təsir daha böyük rol oynamalıdır. Onların fikrincə, Messi və Mbappe kimi oyunçuların yaratdığı fərq və əldə etdiyi statistik göstəricilər belə mükafatlar üçün daha güclü arqumentdir.

Beləliklə, Rodrinin seçilməsi futbolun taktiki tərəfinə verilən qiymət kimi qiymətləndirilir. Amma Messi və Mbappenin möhtəşəm statistikası göstərir ki, hücumçuların niyə bu cür mükafatlarda həmişə əsas namizədlər arasında olduğu da aydındır. Mübahisənin mərkəzində isə eyni sual qalır: ən yaxşı oyunçu ən çox rəqəm yaradan futbolçudur, yoxsa komandasının oyununa ən böyük təsir edən?

Modern.az saytı mövzu ilə bağlı futbol mütəxəssislərinin fikirlərini öyrənib.


Veteran futbolçu və məşqçi Arif Əsədov:

“Belə deyək, mənim fikrimcə, Dünya Çempionatında Rodrinin ən yaxşı oyunçu seçilməsində əsas amillərdən biri İspaniya yığmasının çempion olması idi. Eyni zamanda, bu komandanın daxilində Rodrinin böyük liderlik keyfiyyətləri və baş məşqçinin müəyyən etdiyi taktiki sxemdə onun mühüm rol oynaması da əsas faktorlardan biridir.
Ola bilər ki, onun futbol ictimaiyyəti üçün gördüyü işlərin bir çoxu o qədər də nəzərə çarpmır. Məsələn, müdafiədə gördüyü “qara işlər”, oyunun istiqamətinin müəyyən edilməsindəki rolu və komandanın balansını qoruması hər zaman görünən məqamlar deyil. Bunları daha çox məşqçilər və peşəkar mütəxəssislər görə bilirlər.
Azarkeşlər və ümumi futbol ictimaiyyəti baxımından isə daha çox qol vuran, hücumda daha rəngarəng və gözoxşayan oyun nümayiş etdirən futbolçular ön plana çıxır. Təbii ki, Mbappe və Messi də bu baxımdan dünya futbolunun ən böyük ulduzlarıdır və belə titullara layiq olduqlarını dəfələrlə sübut ediblər.
Amma mənim fikrimcə, əsas məsələ budur ki, komanda qalib gəlirsə, çempionluq yaşayırsa, həmin uğurda həm müdafiədə, həm də hücumda böyük iş görən futbolçuların əməyini qeyd etmək vacibdir. Bir məşqçi kimi düşünürəm ki, komandanın uğurunda görünməyən, lakin çox vacib rol oynayan futbolçuların əməyi xüsusi qiymətləndirilməlidir. Təbii ki, bunu bir azarkeş kimi də düşünürəm.
Messinin ən yaxşı futbolçulardan biri olduğunu təsdiqləyirəm. Sadəcə, qeyd etdiyim amillər - komandanın çempion olması, oyunçunun liderlik keyfiyyətləri və taktiki sistemdəki mühüm rolu - Rodrinin ən yaxşı oyunçu seçilməsinə təsir edən əsas faktorlar ola bilər”.


Məşqçi Şahin Diniyev deyib ki, İspaniya çempion olmasaydı, Rodrinin ilk 3-lükdə də adı olmayacaqdı:

""Qızıl top" mükafatının verilməsində və ya bir çempionatın ən yaxşı oyunçusu seçilməsində - istər Liqa Çempionu, istər Avropa Liqası, istərsə də Dünya və Avropa çempionatları olsun - əsas şərtlərdən biri komandanın qazandığı uğurdur.
Rodri məsələsinə baxanda, inanın ki, əgər İspaniya çempion olmasaydı, Rodri ilk üçlüyə belə düşə bilməzdi. Sadəcə Dünya Çempionatında qalib gəlməsi və çempion olan komandanın ən yaxşı oyunçularından biri olması ona böyük üstünlük verdi. Yəni turnirdə iştirak edən 32 komanda arasında İspaniyanın ən yaxşı oyunçusu deməzdim ki, yalnız Rodri idi, amma o, həqiqətən də komandanın içində çox vacib bir fiqur idi.
Rodri görünməyən, "qara işlər"i görən bir qüvvə idi. Komandanın keyfiyyətində, yaradıcılığında və uğurunda çox böyük payı oldu. Həm rəqib hücumlarının qarşısını almaqda, həm müdafiə yönümlü işlərdə, həm də meydanın mərkəzində oyunun qurulmasında böyük rol oynadı. Demək olmaz ki, o, pis futbolçudur, əksinə, çox yüksək səviyyəli oyunçudur. Ancaq həyatda hər şey nisbidir və müqayisə edəndə sizinlə razıyam ki, fərdi keyfiyyət baxımından Mbappe və Lionel Messi ondan daha üstün futbolçulardır.
Sadəcə, komandanın uğur qazanması, çempion olması Rodriyə əlavə üstünlük verdi. Ancaq mənim fikrimcə, həmin çempionatın ən yaxşı oyunçusu Messi idi. Nəyə görə? Çünki Argentina millisinin bu yaşda liderliyini öz üzərinə götürən və komandanı demək olar ki, təkbaşına daşıyan ikinci bir futbolçu görmədim. Argentinanın finala qədər gəlməsində və ikinci yeri tutmasında Messinin rolu əvəzolunmaz idi.
Mbappe məsələsinə gəldikdə isə bəli, o, çox vacib qollar vurdu. Fransa da ümumiyyətlə heyət baxımından çox güclü komanda idi və onun yanında kimlərin oynadığına baxmaq kifayətdir: Dembele, Olise və digər yüksək səviyyəli futbolçular. Buna görə də Fransa demək olar ki, hər oyunda qol epizodları yaradırdı və bu, həm futbolçuların fərdi keyfiyyəti, həm də komandanın gücü ilə bağlı idi.
Amma ümumi olaraq, yalnız milli komanda performansını nəzərə alsaq, mənim fikrimcə, Messi həmin Dünya Çempionatının ən yaxşı oyunçusu idi və bunun səbəblərini də izah etdim”.


Veteran futbolçu Aslan Kərimov təkcə vurulan qolların futbolçunu turnirin ən yaxşısı etmədiyini deyib:

“Dünya Çempionatının ən yaxşı oyunçusu seçilərkən əsas meyarların nədən ibarət olduğuna baxmaq lazımdır. Messi bu yaşında 8 qol vuraraq böyük iş gördü. Lakin sual yaranır: bu, onu avtomatik turnirin ən yaxşı oyunçusu edirmi? Digər tərəfdən Mbappe də fərdi baxımdan çox uğurlu çıxış etdi. Amma komandası çempion olmadı və yarımfinalda İspaniyaya qarşı həlledici təsir göstərə bilmədi. Təkcə vurulan qollar futbolçunu turnirin ən yaxşısı etmir.
Bu baxımdan Rodrinin seçilməsi tamamilə məntiqli görünür. O, qol vurmasa da, komandasının oyununu idarə edən əsas fiqur idi. Hücumların qurulmasında, topun müdafiədən hücuma daşınmasında və rəqib hücumlarının qarşısının alınmasında əvəzsiz rol oynadı. Yəni seçim qol sayına deyil, futbolçunun komandaya verdiyi ümumi töhfəyə əsaslanır.
Üstəlik, bu mükafatı azarkeşlər yox, futbol mütəxəssisləri müəyyənləşdirirlər. Rodrinin oyunu bəlkə də vizual baxımdan ən parlaq deyildi, amma effektivliyi çox yüksək idi. Elə buna görə də onun seçilməsi təəccüblü sayılmamalıdır.
Futbolda bunun nümunələri əvvəllər də olub. Məsələn, Kannavaro qol vurmasa da, İtaliyanın müdafiəsindəki liderliyi sayəsində dünya çempionatının ən yaxşı oyunçusu seçilmişdi. Bu turnirdə də parlaq hücumçu fərqlənmədiyi üçün Rodrinin seçilməsi məncə ən doğru qərarlardan biri idi”.


“Karvan Yevlax”ın futbolçusu Elvin Yunuszadə deyib ki, mundiallarda hər zaman mükafatçı müəyyən ediləndə  çempion klublara üstünlük verilir.
Futbolçunun fikrinə görə, Argentina çempion olsaydı, turnirin ən yaxşı oyunçusu Lionel Messi seçiləcəkdi.
Müsahibimiz Dünya Çempionatında ən güclü təsir bağışlayan oyunçunun Kilan Mbappe olduğunu düşünür.


Futbol eksperti Rəsul Allahverdiyev fərdi bacarıqlardan çox komanda oyununun daha üstün olduğunu vurğulayıb:

“Mən də düşünürəm ki, Rodri turnirin ən yaxşısı idi. Bunun üçün təkcə final oyunundakı göstəricilərinə baxmaq kifayətdir: o, 105 ötürmənin 101-ni dəqiq yerinə yetirib.
Həmçinin söhbət ikili mübarizələrin 80%-ni qazanan bir yarımmüdafiəçidən gedir. Bir futbolçu komandasının oyun quruluşunda, oyun intizamında, sabitliyində və inkişafında nə qədər vacib fiqurdursa, o, ən yaxşı olmağa bir o qədər layiqdir.
Niyə? Çünki futbol komanda oyunudur. Digər oyunçuların fərdi üstünlükləri komandalarına lazımi qədər fayda verdimi? Əsas sual budur. Məncə, vermədi.
Bu baxımdan seçim kifayət qədər ədalətli və müasir futbolun tələblərini əks etdirən bir seçimdir. Mənim fikrimcə, turnirin ən yaxşısı Rodri idi”.


“CBC Sport”un şərhçisi Fərid Ramazanov Rodrinin bu mükafata layiq olduğunu bildirib:

“Rodrinin bu mükafatı qazanmasını düzgün hesab etmək olar. Rodri həqiqətən də bu turnirdə əla futbol oynadı. 2006-cı ildə Fabio Kannavaro bir müdafiəçi kimi bu mükafatı qazanmışdısa, niyə də Rodri olmasın? Həmçinin bu mundialda ən yaxşı oyunçu mükafatını Messinin də qazanmasını gözləmək olardı. Messi fenomenal futbol oynadı. Sadəcə, finalda İspaniya çox güclü idi və çempion oldu deyə, məncə, mükafatın Rodriyə verilməyini daha uyğun hesab etdilər”.

Nicat Rüstəmzadə

Sizə yeni x var
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?