UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün cavab oyunları keçiriləcək.
Modern.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Zirə" və "Neftçi" növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.
"Zirə" Sumqayıt şəhər stadionunda Estoniyanın "Payde" komandası ilə üz-üzə gələcək. Saat 20:00-da başlayacaq görüşü xorvatiyalı baş hakim Patrik Kolariç idarə edəcək.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk oyunda səfərdə 0:1 hesabı ilə məğlub olduğundan, mərhələ adlamaq üçün doğma meydanda qələbə qazanmağa çalışacaq.
"Neftçi" isə cavab görüşündə Belarusun "Dinamo" (Minsk) klubu ilə qarşılaşacaq. Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlayacaq. Oyunun baş hakimi Şimali İrlandiyadan olan FIFA referisi Tim Marşal olacaq.
Paytaxt təmsilçisi ilk oyunda Bakıda rəqibinə 2:4 hesabı ilə uduzub. "Neftçi" növbəti mərhələyə yüksəlmək üçün səfərdə çətin tapşırığın öhdəsindən gəlməli olacaq.