Modern.az

UEFA FİFA-nın bütün turnirlərini boykot etdi 

UEFA FİFA-nın bütün turnirlərini boykot etdi 

İdman

Bu gün, 04:40

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FİFA) bütün yarışlarını boykot etmək qərarına gəlib.

Modern.az xəbər verir ki, qərara FİFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara vermək planı səbəb olub. UEFA-ya daxil olan 55 milli assosiasiyanın hamısı boykot qərarını dəstəkləyib.

UEFA hesab edir ki, dünya çempionatına investisiya məhsulu kimi yanaşmaq və turnirin hüquqlarını özəl kapitala ötürmək yolverilməzdir. Avropa futbol qurumunun mövqeyinə görə, belə bir addım futbolun idarə edilməsinə investorların təsirini artıraraq idmanın gələcəyini əsaslı şəkildə dəyişə bilər.

UEFA bəyan edib ki, özəl investorlarla bağlı təkliflər tamamilə geri götürülənədək və FİFA-nın təşkilatın, yaxud onun yarışlarının idarəçiliyini gələcəkdə özəl strukturlara verməyəcəyinə dair təminat təqdim olunanadək UEFA üzvü olan milli komandalar FİFA turnirlərində iştirak etməyəcək.

Məlumata görə, İnfantino dünya çempionatından sonra turnirin kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə “FIFA Forward Enterprise” (FFE) adlı törəmə şirkətin yaradılması nəzərdə tutulur. FİFA bunun üzv assosiasiyaların gəlirlərini artıracağını və dünya futbolunun inkişafına töhfə verəcəyini bildirir.

“The Times” isə yazıb ki, nəzərdə tutulan model İnfantinoya on milyonlarla funt-sterlinq gəlir gətirə bilər. Yeni şirkətin FİFA-nın əsas kişi və qadın turnirlərinin, o cümlədən dünya çempionatı və klublararası dünya çempionatının kommersiya hüquqlarına nəzarət edəcəyi bildirilir.

UEFA ilə yanaşı, Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) da İnfantinonun təşəbbüsünə qarşı çıxıb. Qurumun 41 üzv assosiasiyası məsələ ilə bağlı narahatlığını ifadə edərək təklifi qəbul etməyib.

Baş verənlərin İnfantinonun 2027-ci ilin martında keçiriləcək FİFA prezidenti seçkisindəki mövqeyinə də təsir göstərə biləcəyi qeyd olunur. Mətbuatın məlumatına görə, UEFA İnfantinoya qarşı güclü namizəd irəli sürməyə hazırlaşır.

FİFA-nın planına əsasən, oktyabrda 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçirilməlidir. Turnirdə FİFA-ya üzv 211 assosiasiyanın milli komandalarının iştirakı nəzərdə tutulur. UEFA-nın boykot qərarının qüvvədə qalacağı təqdirdə Avropa yığmalarının bu turnirdə iştirakı da sual altına düşür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada