Avropa Parlamenti FIFA prezidenti Canni İnfantinonu təşkilatın yarışlarına özəl investisiyaların cəlb olunmasını nəzərdə tutan mübahisəli planla bağlı dinləmələrə çağırmağa hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
Məlumata görə, İnfantino Avropa Parlamenti üzvlərinin suallarını birbaşa cavablandırmalı olacaq. Bildirilir ki, bu addım FIFA-nın özünün bəyan etdiyi şəffaflıq və demokratik hesabatlılıq prinsiplərinə uyğun olaraq atılır.
Mübahisələrə səbəb olan plana əsasən, FIFA yarışlarının təşkili üçün yeni şirkət yaradılacaq və onun səhmlərinin 20 faizə qədəri kənar investorlara satılacaq. Potensial investorlar arasında amerikalı iş adamı Coşua Kuşner də var. O, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır.
FIFA isə bildirir ki, bütün milli futbol assosiasiyaları bu planı açıq və demokratik məsləhətləşmələr çərçivəsində müzakirə etmək imkanı əldə etməlidir. Təşkilat layihənin dayandırılması ilə bağlı UEFA və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının (KONKAKAF) çağırışlarını qəbul etməyib.
Avropa Parlamentindəki siyasi qruplar layihə ilə bağlı ciddi narahatlıq ifadə edərək Canni İnfantinonu FIFA-nı qeyri-qənaətbəxş idarə etməkdə ittiham edirlər.
Deputatlar həm plan üzrə kifayət qədər məsləhətləşmələrin aparılmamasından, həm də layihənin 2027-ci ildə keçiriləcək FIFA prezident seçkiləri ərəfəsində elan olunmasından narahatdırlar. Canni İnfantino artıq növbəti müddət üçün yenidən namizəd olacağını açıqlayıb.