Bu gün dünyanın şist qazı ehtiyatları 200 trilyon həcmində qiymətləndirilir. Buna baxmayaraq, texniki olaraq çıxarıla bilən hissə daha azdır. ABŞ, Çin, Argentina və Əlcəzair ən böyük ehtiyatlara malik ölkələrdir. Bu qeyri-ənənəvi qaz növü, əsasən gil süxurlarında sıxışmış halda tapılır və horizontal qazma ilə hidropartlayış texnologiyaları vasitəsilə hasil edilir.
Maraqlıdır ki, Azərbaycanda şist qaz çıxarılırmı? Şist qazın həcmi nə qədərdir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a açıqlamasında bildirib ki, bu haqda müvafiq qurumlar tərəfindən indiyə qədər heç bir açıqlama olmayıb:
"Sözün düzü, heç bu yöndə geoloji-kəşfiyyat işlərinin aparıldığı haqda da məlumat yoxdur. İkinci bir tərəfdən, Azərbaycanın təbii qaz ehtiyatları rəsmən 2,65 trln kubmetr səviyyəsində qiymətləndirilir. Adətən şist neft və qazın hasilatı ənənəvi enerji daşıyıcılarından daha baha başa gəlir. Ona görə də Azərbaycan üçün əlində olan təbii qaz ehtiyatlarını çıxarıb kapitala çevirmək daha sərfəlidir".