2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirləri 9598,6 milyon manat, xərcləri 7817,1 milyon manat olub, 1781,5 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilib.
2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin gəlirləri 9140,1 milyon manat proqnoza qarşı 9598,6 milyon manat və yaxud 458,5 milyon manat (5,0 faiz) çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 24,9 faizinə bərabərdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 7,7 faiz çox icra edilməklə 6388,6 milyon manat təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin 4702,0 milyon manatı və ya 49,0 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3210,0 milyon manatı və ya 33,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1410,1 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 163,5 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 13,8 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 99,2 milyon manatı və ya 1,1 faizi sair daxilolmaların payına düşür.
2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 472,5 milyon manat və ya 11,2 faiz, gömrük orqanlarının xətti ilə 5,1 milyon manat və ya 0,4 faiz çox, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə, digər daxilolmalar üzrə 19,1 milyon manat və ya 6,5 faiz az icra edilib.
Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 57,7 faizini təşkil etməklə 5533,7 milyon manat olub ki, bu da proqnozla müqayisədə 446,1 milyon manat və ya 8,8 faiz çoxdur.
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 69,5 faizini və ya 3847,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 25,5 faizini və ya 1410,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,0 faizini və ya 163,5 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 1,8 faizini və ya 99,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 13,8 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4064,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və ya 0,3 faiz çoxdur.
2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21,0 faizi və ya 854,9 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 79,0 faizi və ya 3210,0 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 faizi və ya 417,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər üzrə, 37,4 faizi və ya 319,5 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 13,8 faizi və ya 118,0 milyon manatı Azəri-Çıraq-Günəşli yatağı üzrə mənfəət vergisi hesabına olub.