BMT-nin icraçı direktoru Azərbaycanı təriflədi
Modern.az xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax şəhərlərin gələcəyinin yalnız bina tikintisi ilə məhdudlaşmadığını, əsas məqsədin işlək sistemlər və dayanıqlı icmalar yaratmaq olduğunu bildirib.
Modern.az xəbər verir ki, o, çıxışı zamanı Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətindən danışaraq forumun dünyanın müxtəlif ölkələrindən insanları bir araya gətirən mühüm platformaya çevrildiyini vurğulayıb.
“Dünyanın müxtəlif yerlərindən gələn insanların burada bir araya gəlməsi, fərqli baxışların, təcrübələrin və imkanların paylaşılması məhz Ümumdünya Şəhərsalma Forumunun əsas mahiyyətidir. Ümumdünya Şəhərsalma Forumu təxminən 20 il əvvəl BMT Baş Assambleyasının qətnaməsi əsasında yaradılıb. Məqsəd qlobal mənzil, urbanizasiya və yaşayış problemlərinin müzakirəsi üçün maraqlı tərəfləri bir platformada toplamaq olub. Hazırda BMT-nin Məskunlaşma Proqramı 2026–2029-cu illəri əhatə edən yeni strateji planın icrasına başlayıb. Plan çərçivəsində hər kəs üçün mənzil imkanlarının artırılması, torpağa çıxışın təmin olunması, əsas xidmətlərə əlçatanlığın genişləndirilməsi və qeyri-formal yaşayış məntəqələrinin transformasiyası əsas prioritetlər sırasındadır”,-o deyib.
Anaklaudiya Rossbax vurğulayıb ki, ötən 50 ilin təcrübəsi yalnız evlərin tikilməsinin kifayət etmədiyini göstərib:
“Biz artıq anlayırıq ki, işlək sistemlər qurmalı, icmalar formalaşdırmalı və şəhərlərlə yanaşı yeni sosial müqavilə yaratmalıyıq. Urbanizasiya və mənzil problemlərinin həlli bir qurumun təkbaşına həyata keçirə biləcəyi missiya deyil:
“Heç bir təşkilat bütün bilikləri, təcrübələri və perspektivləri təkbaşına bir araya gətirə bilməz. Buna görə əməkdaşlıq əsas şərtdir”.
.
Anaklaudiya Rossbax Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakını da xatırladaraq, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində icmaların və maraqlı tərəflərin prosesə cəlb olunmasını yüksək qiymətləndirib.
O bildirib ki, 300-dən çox təşkilatı birləşdirən qeyri-hökumət təşkilatları koalisiyasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır və onların qarşıdakı Ümumdünya Şəhərsalma Forumunda iştirakı vacibdir.
“Yeni Şəhər Gündəliyinin icrasını qiymətləndirərkən sizin töhfənizə ehtiyacımız var. Ən əsası isə, qlobal mənzil böhranının öhdəsindən sizin iştirakınız olmadan gəlmək mümkün olmayacaq”, – deyə o vurğulayıb.