Modern.az

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı nələr vəd edir...

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı nələr vəd edir...

İqtisadiyyat

Bu gün, 16:30

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun iyunun 2-də rəsmi açılışı olacaq. Açılış mərasimi Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında baş tutacaq. Açılış mərasimində Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərir. Dəmir yolunun texniki gücü ildə 5 milyon tondur. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.

Bakı-Tbilisi-Qars dəmir yolunun 9 ildən sonra fəaliyyətə başlaması iqtisadiyyat üçün nə vəd edir?

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı faktiki olaraq Azərbaycanın istehsal etdiyi məhsulların daşınmasına, eyni zamanda ölkə üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq:

“Bütövlükdə nəqliyyat və logistika region ölkələri, xüsusilə də Azərbaycanın dövlət gəlirlərində xüsusi paya malikdir. Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı da faktiki olaraq Azərbaycanın istehsal etdiyi məhsulların sözügedən dəmir yolu ilə daha çox daşınmasına, eyni zamanda ölkə üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq. Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona qədər artırılmasından gedir. Bakı-Tbilisi-Qars dəmir yolunun uzun müddət əvvəl istifadəyə verilməsinə baxmayaraq, onun ötürmə qabiliyyətinin artırılması hər zaman vacib məsələlərdən biridir. Son illər bu istiqamətdə aparılan işlər Bakı-Tbilisi-Qars dəmir yolunun yeni imkanlarla istifadəsinə şərait yaradacaq. O kontekstdən bu, birmənalı şəkildə Azərbaycanın beynəlxalq yükdaşımalarından əldə etdiyi gəlirlərin artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, dəmir yolu nəqliyyatının Azərbaycan iqtisadiyyatında payının artması müşahidə edilir. Bu da birmənalı şəkildə bu sektorun iqtisadiyyatımıza töhfəsindən xəbər verir. Bu baxımdan qeyri-neft sektorunun inkişafı baxımından vacib və əlamətdar hadisədir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin ən qısa və etibarlı layihəsidir.

Onun sözlərinə görə, layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsi yaradaraq yükdaşıma vaxtını iki dəfəyədək qısaldır, regionun tranzit potensialını və iqtisadi təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır:

"Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda baş tutur. Layihənin məqsədi Türkiyə və Azərbaycanı  dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır.

Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Bu, həm də layihənin icrasında üçtərəfli əməkdaşlıq formatı göstərən üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV