Kənd təsərrüfatında subsidiyalar gəlir mənbəyi deyil, istehsal xərclərinin bir hissəsinin kompensasiyası kimi qiymətləndirilməlidir. Aqrar siyasətdə subsidiya mexanizmləri ilə ixtisaslaşma prinsiplərinin düzgün uzlaşdırılması isə əsas məsələlərdən biri olaraq qalır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Azər Əmiraslanov bildirib ki, bəzən kənd təsərrüfatında subsidiyaların mahiyyəti ilə bağlı yanlış təsəvvür formalaşır.
"Subsidiyalar kənd təsərrüfatı istehsalçılarının xərclərinin müəyyən hissəsinin kompensasiyası üçün nəzərdə tutulur. Bəzən elə təsəvvür yaranır ki, sanki kənd təsərrüfatında gəlir subsidiyadan ibarətdir. Bu, düzgün yanaşma deyil", - deyə o vurğulayıb.
Komitə sədri qeyd edib ki, subsidiyalaşma kənd təsərrüfatının inkişafını təşviq etməli və ixtisaslaşma prinsiplərinə uyğun şəkildə tətbiq olunmalıdır.
Onun sözlərinə görə, bəzi hallarda subsidiya mexanizmləri rayonların ixtisaslaşma istiqamətlərindən uzaqlaşmasına səbəb olur:
"Uzun illərdir taxılçılıq üzrə ixtisaslaşmayan bəzi rayonlarda geniş taxıl əkinlərinə üstünlük verildiyini müşahidə edirik. Bu isə müəyyən mənada ixtisaslaşma prinsiplərindən uzaqlaşmaq deməkdir. Subsidiyalaşma ilə ixtisaslaşmanın düzgün uzlaşdırılması olduqca vacibdir".
Azər Əmiraslanov elektron kənd təsərrüfatı sisteminin tam şəkildə formalaşdırılmasının vacibliyini də qeyd edib.
"Fermerlərin elektron qeydiyyatı ilə yanaşı, torpaqların identifikasiyası və elektron qeydiyyatı da vahid sistemdə birləşdirilməlidir. Əks halda subsidiyalaşma siyasətində istənilən nəticələri əldə etmək çətin olacaq", - deyə o bildirib.
Komitə sədri aqrar sahədə institusional islahatların da vacibliyinə diqqət çəkib. O qeyd edib ki, qarşıya qoyulan yeni hədəflər kənd təsərrüfatının idarəetmə sisteminin və təşkilati strukturunun yenidən qiymətləndirilməsini zəruri edir.
Azər Əmiraslanov torpaqların konsolidasiyasının və iri təsərrüfatların formalaşmasının səmərəlilik baxımından əhəmiyyətini vurğulasa da, xırda təsərrüfatların diqqətdən kənarda qalmamalı olduğunu bildirib.
"Bu gün ölkədə kənd təsərrüfatı istehsalının 90 faizdən çoxu xırda təsərrüfatların payına düşür. Qarşıdakı dövrdə həm iri, həm də xırda təsərrüfatların, emalçıların və istehlakçıların maraqlarının düzgün uzlaşdırılması aqrar siyasətin əsas vəzifələrindən biri olacaq", - deyə komitə sədri əlavə edib.