Modern.az

Dəyişkən havalar sahil biznesini vurur: ekspert mənfi hallardan danışdı 

Dəyişkən havalar sahil biznesini vurur: ekspert mənfi hallardan danışdı 

İqtisadiyyat

Bu gün, 09:27

Yay mövsümünün gəlişi ilə Azərbaycanda çimərlik turizminin canlanacağı gözlənilsə də, son dövrlər müşahidə olunan qeyri-sabit hava şəraiti planları alt-üst edir. Havaların tez-tez dəyişməsi, güclü küləklər və gözlənilməz yağışlar dəniz sahilində biznes quran sahibkarları ciddi maliyyə zərərləri və idarəetmə böhranı ilə üz-üzə qoyub. Mövsümün zəif keçməsi təkcə gündəlik qazanclara təsir etmir, həm də sahəyə qoyulan irihəcmli investisiyaların batması riskini yaradır.

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, mövcud vəziyyət sahil obyektlərinə birbaşa mənfi təsir göstərir və aradan qaldırılması çətin olan bir sıra risklər formalaşdırır.

"Dəniz kənarındakı otellər, restoranlar və rezortlar qış mövsümündən çıxdıqdan sonra yay aylarına hazırlıq məqsədilə ciddi rekonstruksiya və infrastrukturun bərpası prosesindən keçirlər. Sahibkarlar obyektləri yeniləmək üçün böyük məbləğdə vəsaitlər yatırırlar. Lakin çimərlik mövsümü hava şəraitinə görə zəif keçdikdə, yay boyu qazanılan gəlir bu investisiyaları qarşılamağa bəs etmir, nəticədə qoyulan pullar da batır".

Ekspertin sözlərinə görə, çimərlik və sahil turizmi üçün əsas təhlükə təkcə güclü yağış deyil. Hətta dəniz kənarında əsən kiçik külək belə dalğaların qalxmasına və çimərlik havasının pozulmasına kifayət edir. İnsanlar belə havalarda sahildən uzaqlaşdığı üçün dəniz kənarındakı restoran, kafe və barlar günlərlə müştərisiz qalır. Samir Dübəndi, bu məsələdə öz təcrübəsindən də danışıb: 

"2010-cu ildə Novxanı ərazisində böyük infrastrukturu olan restoran və çimərlik obyektini icarəyə götürmüşdük. Yay mövsümü həddindən artıq küləkli keçdi və dalğalara görə dəniz havası olmadı. Nəticədə biznesimiz böyük zərər gördü, investisiyamız batdı və həmin ili mənfi balansla bağlamalı olduq. Təbiətlə zarafat etmək olmaz. Hazırda Azərbaycanda turizm və iaşə biznesinin hava şəraitindən və ya digər təbii amillərdən sığortalanması təcrübəsi çox zəif inkişaf edib. Sahibkarlar riskləri öncədən sığortalamadıqları üçün mövsüm uğursuz başa çatanda bütün maliyyə zərərini öz ciblərindən ödəməli olurlar. Təbiətlə və hava şəraiti ilə birbaşa bağlı olan bu növ həssas turizm fəaliyyətlərinin icbari sığortaya cəlb edilməsi mexanizmləri qurulmalıdır".

S.Dübəndi bildirib ki, sahil obyektlərində idarəetməni çətinləşdirən digər bir məqam işçi qüvvəsi ilə bağlıdır. Ofisiantlar, aşpazlar, xidmətçilər və xilasedicilər obyektlərə yalnız yay mövsümü üçün müvəqqəti işə götürülürlər:

"Davamlı iş olmadığı və qışda obyektlər bağlandığı üçün növbəti il peşəkar kadrları saxlamaq mümkün olmur. İşçilər isə qeyri-mövsümi dövrdə sabit maaş verən yerlərə üz tuturlar. Bu isə sahibkarı hər yay sıfırdan kadr axtarmağa məcbur edir və xidmət keyfiyyətinin kəskin düşməsi riskini yaradır".

Bundan başqa, havanın proqnozlaşdırıla bilməməsi artıq qlobal bir problemə çevrilib və bu risk hər il daha da dərinləşir. Bununla yanaşı, Xəzər dənizinin suyunun geri çəkilməsi və ekoloji vəziyyətinin getdikcə pisləşməsi gələcəkdə sahil turizmini ümumiyyətlə səmərəsiz və perspektivsiz edə bilər. S.Dübəndi qeyd edir ki, dəniz kənarında böyük biznes planları qurmazdan əvvəl, ilk növbədə dövlət və elmi səviyyədə Xəzəri xilas etmək barədə düşünmək lazımdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada