Azərbaycanın daşınmaz əmlak və ipoteka bazarında müşahidə olunan dinamika diqqət mərkəzindədir. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) son statistik göstəriciləri dövlət ipoteka proqramına tələbin yüksək olaraq qaldığını göstərir.
Məsələ ilə bağlı Modern.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, İKZF tərəfindən açıqlanan rəqəmlər ipoteka bazarında aktivliyin davam etdiyini təsdiqləyir:
“Ötən ilin sonuna Fond tərəfindən rəsmiləşdirilmiş ipoteka kreditlərinin ümumi sayı 56 843 təşkil edirdi. Hazırkı statistikaya əsasən isə bu rəqəm 59 102-yə yüksəlib. Bu da o deməkdir ki, cari ilin ötən dövrü ərzində Fond xətti ilə əlavə 2 259 ipoteka krediti rəsmiləşdirilib. Bu göstərici illik kredit portfelinin formalaşması baxımından müsbət dinamikanın qorunduğunu nümayiş etdirir”.
Ekspertin sözlərinə görə, ümumi ipoteka portfelində xüsusi kateqoriyadan olan vətəndaşlara illik 4 faizlə təqdim edilən güzəştli ipoteka kreditləri mühüm yer tutur.
“İpoteka kreditlərinin rəsmiləşdirilməsi üzrə illik göstəricilər adətən 3 000–3 500 arasında dəyişir. Ayrılan limitlərlə bağlı texniki səbəblərdən müəyyən dövrlərdə qısamüddətli azalmalar müşahidə oluna bilər. Lakin bu, maliyyə bazarları üçün normal hal hesab olunur və ümumi tendensiyaya ciddi təsir göstərmir.
Ümumilikdə, ipoteka proqramının icra vəziyyətini qənaətbəxş hesab etmək olar”, – deyə o qeyd edib.
R.Osmanlı vurğulayıb ki, ölkədə daşınmaz əmlakın maliyyələşdirilməsi yalnız dövlət ipoteka proqramı ilə məhdudlaşmır.
“Azərbaycanda əsas strateji ipoteka proqramı İKZF tərəfindən həyata keçirilir. Bununla yanaşı, bir sıra kommersiya bankları da öz vəsaitləri hesabına ipoteka və mənzil girovu əsasında kredit məhsulları təklif edir. Bu maliyyə alətləri əmlak bazarında alqı-satqı fəallığının qorunmasına və vətəndaşların mənzil əldə etmək imkanlarının genişlənməsinə əlavə dəstək verir”, – ekspert bildirib.