Azərbaycanda hybrid və elektrikli avtomobillərə maraq əhəmiyyətli dərəcədə artıb. Yanacağa qənaət etməsi, ətraf mühitə daha az təsir göstərməsi və texniki baxımdan daha az hərəkətli hissəyə malik olması bu nəqliyyat vasitələrini sürücülər üçün cəlbedici edir.
Lakin mütəxəssislər bildirirlər ki, elektrikli avtomobillərin sayının artmasına baxmayaraq, onların istifadəsi üçün zəruri infrastruktur hələ də kifayət qədər inkişaf etməyib. Bir çox bölgədə şarj məntəqələrinin sayı azdır və bu, xüsusilə uzun məsafəyə səyahət edən sürücülər üçün çətinlik yaradır. Bundan əlavə, elektrikli avtomobillərin şarj olunması ənənəvi yanacaq doldurulmasından daha çox vaxt tələb edir.
Digər tərəfdən, bu avtomobillərin daha az hərəkətli detala malik olması texniki xidmət xərclərinin bəzi hallarda azalmasına kömək edir. Buna baxmayaraq, ixtisaslaşmış servis mərkəzlərinin və ehtiyat hissələrinin hər yerdə əlçatan olmaması sürücülərin qarşılaşdığı əsas problemlərdən biri olaraq qalır.
Mütəxəssislərin fikrincə, elektrikli avtomobillərin istifadəsinin daha da genişlənməsi üçün ölkədə şarj məntəqələrinin sayının artırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi vacibdir.
Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı elektrik avtomobillərinin gələcəyinin güclü infrastrukturdan asılı olduğunu bildirib:
“Demək olar ki, Azərbaycanda elektrik avtomobillərə münasibət müsbətdir və insanlar imkan düşdükcə avtomobillərini yeniləyərkən daha çox bu barədə düşünürlər. Çünki yanacaq sərfiyyatı, yanacağın keyfiyyəti və yanacağın qiyməti hər kəsi narahat edir. İnsanlar daha az xərc çəkərək nəqliyyat vasitəsinə sahib olmaq istəyirlər. Bu baxımdan da zaman-zaman elektrikli avtomobil seçimini nəzərdən keçirirlər və bu, tamamilə normal yanaşmadır.
Dövlətin də bu istiqamətdə müəyyən güzəştləri var və həmin güzəştlər insanlara bu imkanlardan yararlanmağa şərait yaradır. Amma etiraf etməliyik ki, infrastruktur baxımından hələ də problemlər mövcuddur. İnfrastruktur kifayət qədər inkişaf etmədiyindən insanlar elektrik avtomobillərindən səmərəli istifadə etməkdə çətinlik çəkirlər. Xüsusilə bölgələrdə elektrik doldurma stansiyalarının sayı yetərli deyil və bu da əsas problemlərdən biridir.
Bununla belə, əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq irəliləyiş var. Artıq bəzi bölgələrdə elektrik doldurma stansiyalarına rast gəlinir. Xüsusən istirahət və əyləncə mərkəzlərinin, eləcə də otellərin yaxınlığında bu istiqamətdə müəyyən işlərin görüldüyünü müşahidə edirik. Lakin bu proses sistemli şəkildə həyata keçirilməlidir.
Bu məsələ ilə bağlı ən yüksək səviyyədə də tapşırıqlar verilib. Sadəcə, yanaşma hələ də istənilən səviyyədə dəyişməyib və görülən işlərin tempi kifayət qədər ləngdir. Rayonlarda elektrik doldurma stansiyası tapmaq mümkündür, lakin əksər hallarda onlar yalnız rayon mərkəzlərində yerləşir. Bir qədər ucqar kəndlərə istiqamət götürdükdə isə belə stansiyalara ümumiyyətlə rast gəlinmir. Hətta bəzi yerlərdə insanlar bu texnologiya haqqında kifayət qədər məlumata da malik deyillər. Təəssüf ki, bu çətinliklər hələ də qalmaqdadır.
Mən düşünürəm ki, bu mövzuya dəfələrlə toxunulduğu üçün artıq ona ciddi yanaşılmalı və bu istiqamətdə konkret addımlar atılmalıdır. Çünki elektrik avtomobillərinə maraq yüksəkdir, insanlar bu nəqliyyat növünə böyük maraq göstərirlər. Əgər belə bir maraq varsa, onu zəiflətmək yox, əksinə, daha da inkişaf etdirmək lazımdır ki, insanlar bu imkanlardan daha geniş şəkildə faydalana bilsinlər”.

E.Muradlı bu sahədə daha operativ və çevik bir sistem qurulmalı olduğunu söyləyib:
“Şarj məntəqələrinin sayı və xüsusilə də şarj prosesi zamanı itirilən vaxt məsələsinə yenidən baxmaq lazımdır. Daha operativ və çevik bir sistem qurulmalıdır. Bu da hazırda aktual mövzulardan biridir. Zaman-zaman bu istiqamətdə müəyyən işlər görülsə də, görüləcək işlər hələ çoxdur.
Mənim də bu sahə ilə bağlı təkliflərim var. Hesab edirəm ki, gələcəkdə tikinti şirkətləri, iri ticarət mərkəzləri və digər qurumlar qarşısında konkret öhdəlik qoyulmalıdır. Məsələn, əgər ticarət mərkəzi inşa edilirsə, onun ərazisində mütləq elektrik doldurma stansiyası da yaradılmalıdır. Belə yanaşma tətbiq olunsa, düşünürəm ki, bu sahədə müsbət dəyişikliklər baş verər.
Belə olduqda sahibkarlar da öz növbəsində bu istiqamətdə zəruri addımlar ata bilərlər”.
Nicat Rüstəmzadə