Modern.az

Çin Azərbaycanla yeni logistika xətti qurur - Hədəf açıqlanıb

Çin Azərbaycanla yeni logistika xətti qurur - Hədəf açıqlanıb

İqtisadiyyat

Bu gün, 11:22

Çinin 11 beynəlxalq hab limanından biri sayılan Lianyungang 2025-ci ildə yük dövriyyəsini 367 milyon tona, konteyner dövriyyəsini isə 7,16 milyon TEU-ya çatdıraraq ölkənin öncül infrastrukturları arasında yer alıb.

Modern.az xəbər verir ki, bunu Lianyungang Limanının nümayəndəsi Jiang Vei Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Jiang Vei deyib ki, Çin-Qazaxıstan Lianyungang logistika bazası, Xorqos “Şərq Qapısı” quru limanı və Aktau limanındakı multimodal hab vahid zəncir formasında fəaliyyət göstərir:

“2025-ci ilin sonuna olan məlumata əsasən, Çin-Qazaxıstan Lianyungang logistika bazasında 2,44 milyon TEU, Xorqos quru limanında isə 2,09 milyon TEU yükaşırma həyata keçirilib. Aktau limanındakı inteqrasiya olunmuş hab layihəsi isə ötən ilin iyul ayında istifadəyə verilib. Aktau limanı vasitəsilə Xəzərüstü marşrutla konteyner daşımalarının həcmi 2023-cü ildəki 16,4 min TEU-dan 2025-ci ildə 65,3 min TEU-ya yüksəlib. 2026-cı ilin ilk 7 ayında isə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faizdən çox artaraq 41,8 min TEU-ya çatıb”.

Dəhlizin effektivliyində rəqəmsallaşmanın rolunu vurğulayan liman nümayəndəsi Azərbaycan üzrə əməkdaşlıq perspektivlərinə diqqət çəkib.

O qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Limanı ilə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Lianyungang-Xorqos-Aktau-Bakı marşrutu üzrə daşımaların sabitləşdirilməsi və vahid rəqəmsal məlumat zəncirinin qurulması istiqamətində işlər aparılır:

“Burada əsas məqsəd məlumat təhlükəsizliyi saxlanılmaqla konteynerlərin statusu, qatarların və gəmilərin hərəkət qrafiki barədə real vaxt rejimində məlumat mübadiləsini təmin etməkdir. İnfrastrukturların birbaşa inteqrasiyası və əməliyyat mexanizmlərinin əlaqələndirilməsi vasitəsilə Xəzərüstü Nəqliyyat Dəhlizinin qlobal logistikada rəqabətqabiliyyətliliyi daha da artacaq”.

Aydan Qasımova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!