Modern.az

Dollar ucuzlaşır: Azərbaycanda bu məhsullar bahalaşa bilər

Dollar ucuzlaşır: Azərbaycanda bu məhsullar bahalaşa bilər

İqtisadiyyat

Bu gün, 13:21

Dünya bazarında ABŞ dollarının digər aparıcı valyutalar qarşısında dəyər itirməsi Azərbaycana da dolayı təsir göstərə bilər. Belə ki, manatın ABŞ dollarına qarşı məzənnəsi uzun müddətdir sabit saxlanıldığı üçün dolların avro və rubl qarşısında ucuzlaşması həmin valyutaların manat qarşısında bahalaşmasına səbəb olur.

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli bildirib ki, Azərbaycanda məzənnə rejimi inzibati xarakter daşıyır və dollar-manat məzənnəsi təxminən 10 ildir sabitdir.

İqtisadçı qeyd edib ki, dolların digər valyutalar qarşısında dəyər itirməsi fonunda avro və rublun manat qarşısında bahalaşması xüsusilə idxal məhsullarının qiymətinə təsir göstərə bilər:

“Bizdə məzənnə dəyişmir, bizdə inzibati məzənnə rejimidir. Dollar-manat 10 ildir ki, sabit məzənnə rejimindədir. Ona görə də dollar başqa valyutalar qarşısında dəyər itirəndə, həmin valyutalar Azərbaycan manatı qarşısında dəyər qazanır”.

Onun sözlərinə görə, bu proses Rusiyadan və Avropa ölkələrindən Azərbaycana gətirilən məhsulların manat ifadəsində bahalaşmasına səbəb ola bilər.

“Azərbaycan manatı dollara indekslidir. Ona görə də avro bahalaşır, rubl bahalaşırsa manata qarşı, deməli Rusiyadan və Avropadan gələn məhsullar manat ekvivalentində, təəssüf ki, qiymətlərinin artmasını görə bilərik”.

N.Cəfərli vurğulayıb ki, valyuta məzənnələrindəki dəyişiklik məhsul və xidmətlərin qiymətinə dərhal təsir göstərməyə bilər. Burada əsas məsələ avro və rublun bahalaşmasının nə qədər davam edəcəyidir.

“Avropa və Rusiyadan gələn məhsullarda özünü büruzə verəcək, amma həmən büruzə verməyəcək. Çünki bu tendensiya davamlı olacaq, yoxsa bir həftə, 10 gündən sonra sabitləşəcək – bundan asılıdır”.

İqtisadçının sözlərinə görə, məzənnə dəyişiklikləri davamlı xarakter alarsa, idxalçıların xərclərinin artması sonrakı mərhələdə məhsul və xidmətlərin qiymətlərinə də təsir göstərə bilər.

Beləliklə, avro və rublun manat qarşısında möhkəmlənməsi ilk növbədə Avropa və Rusiyadan idxal olunan məhsul və xidmətlər üçün qiymət artımı təzyiqi yarada bilər. Lakin bunun istehlak bazarında nə dərəcədə və nə vaxt əks olunacağı valyuta dəyişiminin davamlılığından asılı olacaq.

Aydan Qasımova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?