Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələrinin əhəmiyyətli hissəsi zərərlə işləyir və bunun əsas səbəblərindən biri illər ərzində yığılan borclardır.
Bunu Modern.az-a açıqlamasında REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, zərərlə işləyən dövlət müəssisələrinin siyahısı kifayət qədər genişdir.
"Azərbaycanda zərərlə işləyən dövlət müəssisələri çoxdur. Bunların siyahısı çox uzundur. Demək olar ki, hardasa yarısından çoxu ziyanla işləyir", – deyə o bildirib.
İqtisadçı qeyd edib ki, müəssisələrin zərərlə işləməsinin əsas səbəblərindən biri uzun illər ərzində formalaşmış borclardır.
"İllərdir, onilliklərdir ki, onların balansında borclar yığılıb. Digər mühüm səbəb isə satınalmalardır. Təmir xərcləri və satınalmalar çox baha başa gəlir, bu da məhsul və xidmətlərin maya dəyərini yüksəldən amilə çevrilir", – N.Cəfərli vurğulayıb.
O hesab edir ki, problemin həlli üçün dövlət satınalmaları sahəsində nəzarət mexanizmləri gücləndirilməlidir.
"Dövlət satınalmalarında qiymətlərin şişirdilməsi və maya dəyərinin süni şəkildə artırılmasına qarşı tədbirlər görülməlidir. Bu, dövlət müəssisələrinin zərərlə işləməsinin əsas səbəblərindən birini aradan qaldıra bilər", – deyə iqtisadçı bildirib.
Natiq Cəfərlinin fikrincə, məsələ uzun illərdir aktual olaraq qaldığından dövlət müəssisələrinin maliyyə vəziyyəti ilə bağlı geniş araşdırmalar aparılmasına ehtiyac var.