“Azərbaycan regionda xarici borcun ÜDM-dəki payı birrəqəmli olan yeganə dövlətdir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov “Regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda bildirib.
Deputatın təqdim etdiyi rəqəmlərə görə, Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti təxminən 8 faizdir. Bu göstərici Rusiyada 11 faiz, Qazaxıstanda 32 faiz, Belarusda 37 faiz, Özbəkistanda 49 faiz, Qırğızıstanda 50 faiz, Tacikistanda 51 faiz, Moldovada isə 55 faiz təşkil edir.
Vüqar Bayramov Azərbaycanın valyuta ehtiyatlarının xarici borcunu təxminən 20 dəfə üstələdiyini də vurğulayıb. O bildirib ki, bu nisbət ölkənin xarici öhdəliklərini qarşılamaq imkanlarını göstərir və makroiqtisadi sabitliyin qorunması baxımından əhəmiyyət daşıyır.