Modern.az

Diplomlu aktrisadan üsyan: Tik-Tokerlər bizdən üstündür - QALMAQAL 

Diplomlu aktrisadan üsyan: Tik-Tokerlər bizdən üstündür - QALMAQAL 

Mədəniyyət

Bu gün, 18:05

Müasir dövrdə ali təhsil alıb, ixtisasına yiyələndiyi sahədə özünə yer tapa bilməyən gənclərin sayı az deyil. Xüsusilə də söhbət incəsənət sahəsindən gedirsə, rəqabət və qeyri-müəyyənlik daha da kəskinləşir. Modern.az-a müraciət edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu Huri Əliyeva da məhz bu problemlərdən əziyyət çəkən gənc aktrisalardan biridir. O, təhsilini əlaçı kimi başa vursa da, hazırda teleməkanda və teatr sferasında üzləşdiyi reallıqlardan gileylənir.

2024-cü ildə Dram, kino və teatr aktyorluğu ixtisasını bitirdiyini deyən H.Əliyeva heç bir dövlət teatrında vakansiya tapılmadığını bildirir:

"Dövlət səviyyəli heç bir teatrda boş yer və vakansiya yoxdur. Akademik Milli Dram Teatrı (Azdrama) və Gənc Tamaşaçılar Teatrına müraciət edəndə "vakansiya yoxdur" cavabını alırıq. Gərək bir nəfər işdən çıxsın ki, mən və yaxud da bir başqası işə daxil ola bilsin. Gənc kadrları yola vermirlər, çox adam yarım ştat işləyir".

Gənc aktrisa kastinq adı altında həyata keçirilən bəzi qanunsuzluqlardan da bəhs edib:

"Kastinqlərə müraciət edəndə bizə aktyor sənəti üzrə dərs keçməyi təklif edirlər. Axı biz 4 il ərzində bu dərsi onsuz da keçmişik, yenidən keçmək nəyimizə lazımdır? Üstəlik, bizə müqavilə imzaladır, qarşılığında isə 150-200 manat civarında pul istəyirlər. Razı olmadıqda isə "Sən sənədə imza atmısan, gəlmək və pulu ödəmək məcburiyyətindəsən" deyirlər".

Televiziyaların gənc kadrlara qarşı münasibətini "biabırçılıq" adlandıran şikayətçi, sosial şəbəkə aktivliyinin diplomdan üstün tutulduğunu vurğulayır:

"Telekanallar bir günü 15-20 manata işlədirlər, bir səhnəni 50 dəfə çəkirlər. Seriallarda və reklamlarda çəkilənlərin çoxu Tik-Tokerlər və tanınmış məşhur simalardır. Onlar üçün vacib olan sənin sosial media aktivliyindir, 4 illik əziyyətin deyil. Mən ali təhsilli aktrisayam, ssenari də yazıram, tələbəlikdə 'Xəyanət' serialının bir bölümündə, reklamlarda çəkilmişəm, qiymətlərim həmişə yüksək olub. İndi gərək hər kəs əlinə telefon alıb bloggerlik eləsin ki, məşhur olsun? Biz aktyor və aktrisayıq; operator, rejissor və ya blogger olmaq məcburiyyətində deyilik.

Əvvəllər "Pray" adlı özəl teatrda da işlədim, ayda 50-80 manat maaş verirdilər. Animator işləsəm, ondan çox qazanaram. Bilet satılmasa, maaş da yox idi. Bilmirdik aktyoruq, yoxsa biznesmen".

Gənc kadrların önünün açılmasını tələb edən H.Əliyeva, köhnə kadrların təhsil səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılmalı olduğunu iddia edir: "İncəsənət inkişaf etməyib deyə mən sevdiyim sahədən, hədəflərimdən vaz keçmək məcburiyyətində deyiləm. Azərbaycan inkişaf edən ölkədir, sadəcə yeni simalara meydan verilməlidir".

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov gənc aktrisanın iddialarına münasibət bildirib. O, teatrda gənclərə yer olduğunu və ştat problemlərinin tezliklə həll ediləcəyini qeyd edib:

"Vallah, ilk dəfədir sizdən eşidirəm bu adı və bu məsələni. İş yeri var, niyə yoxdur ki? Azdramaya o qədər tələbə işə götürülüb ki, azı 5-10 nəfər cavan aktyor və aktrisa qəbul ediblər. Başqa teatrlara da götürürlər. Hə, ştat məsələsində müəyyən çətinliklər, qeyri-müəyyənlik var, doğrudur. Ona da yəqin ki, sentyabrda bir əlac edəcəklər. Teatrlar lazım olduğu qədər aktyor-aktrisa götürür və işini davam etdirirlər. Qoy həmin xanım başqa teatrlara, hətta bölgədəkilərə də müraciət etsin. Bizə müraciət etməyib".

Hacı İsmayılov universitet illərində fərqlənməyin vacibliyinə və özəl teatrlardakı vəziyyətə də toxunub:

"Bu məsələ elə bir şeydir ki, ya gərək sən universitetdə oxuyarkən özünü elə göstərəydin ki, teatrlara dəvət edəydilər. Özəl teatrlarda isə elə maaş almaq normaldır, çünki onlar özləri-özlərini dolandıran teatrlardır. İndi o qədər özəl teatr yaranıb ki, amma ortada sanballı bir şey yoxdur. Ümumi götürdükdə isə dövlət teatrlarında vəziyyət biabırçı deyil".

İttifaq sədri sonda əlavə edib ki, bu cür problemlərin birbaşa həll ünvanı Mədəniyyət Nazirliyidir:

"Teatr Xadimləri İttifaqı Azərbaycanda teatr sənətinin inkişafına yalnız köməklik göstərir, inzibati məsələləri həll etmir. Bunun üçün yuxarı qurum olan Mədəniyyət Nazirliyi var. Biz ancaq ittifaqın üzvü olanlara maddi yardım edirik. Başqa bir teatra kimisə təyinatla göndərmək bizim işimiz deyil. Qoy o aktrisa gedib birbaşa Mədəniyyət Nazirliyinə müraciət etsin".
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!