Modern.az

Nazirlik incəsənət məktəblərində yeni islahatlara başlayır

Nazirlik incəsənət məktəblərində yeni islahatlara başlayır

Mədəniyyət

Bu gün, 11:40

İncəsənət təhsilinin müasirləşdirilməsi artıq yalnız təhsil sahəsinin deyil, bütövlükdə mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir

Bu baraədə Modern.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Keyfiyyətli incəsənət təhsili keyfiyyətli müəllimdən, müasir məzmundan və istedadın inkişafına imkan verən mühitdən başlayır:

"İncəsənət təhsilinin müasirləşdirilməsi artıq yalnız təhsil sahəsinin deyil, bütövlükdə mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir:Çünki mədəniyyətin gələcəyi bu gün musiqi, incəsənət və rəssamlıq məktəblərində formalaşan insan kapitalından başlayır. Son üç ildə Mədəniyyət Nazirliyi incəsənət təhsilində sistemli islahat proqramı həyata keçirir. Məqsəd zəngin sənət ənənələrimizi qorumaqla yanaşı, məktəbləri müasir yaradıcı sənayelərin, rəqəmsal texnologiyaların və yeni peşələrin tələblərinə uyğunlaşdırmaqdır".

10 min müəllimin səriştəsi qiymətləndirilib

Mədəniyyət Nazirliyinin məlumatında islahatların ən mühüm istiqamətlərindən biri kimi pedaqoji heyətin peşəkarlığının qiymətləndirilməsi göstərilib:

"10 minə yaxın müəllimin bilik və bacarıqları qiymətləndirilib. İncəsənət təhsili sistemində ölkə miqyasında ilk dəfə həyata keçirilən bu proses müəllim potensialı haqqında real mənzərəni görməyə imkan yaradıb. Nəticələr göstərir ki, müəllimlərin böyük əksəriyyəti tələb olunan peşəkarlıq səviyyəsini nümayiş etdirir. Bununla yanaşı, 2500-ə yaxın müəllim qiymətləndirmədən keçə bilməyib. Proses sistem daxilində fərqli mənzərələri də üzə çıxarıb. Elə region məktəbləri var ki, burada müəllim və şagird kontingenti, eləcə də tədrisin faktiki vəziyyəti ciddi təhlil tələb edir. Eyni zamanda yüksək peşəkarlığı və nəticələri ilə seçilən, müəllimlərinin fəaliyyəti nümunə göstərilə biləcək məktəblərimiz də az deyil. Əsas yanaşma dəyişməzdir: qiymətləndirmə cəza mexanizmi deyil, keyfiyyətin yüksəldilməsi alətidir.

Müsbət tendensiyalardan biri incəsənət məktəblərində müəllim kimi çalışmaq istəyənlərin sayının artmasıdır. Bu il keçirilən müəllim qəbulu imtahanlarında 1200-dən çox namizəd iştirak edib.

Növbəti mərhələdə müəllimlərin qiymətləndirilməsi daha sistemli və ölçülə bilən mexanizm — sertifikasiya vasitəsilə davam etdiriləcək. İlin sonunadək müəllimlərin səriştələrinin qiymətləndirilməsi prosesinin bütövlükdə yekunlaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, qiymətləndirmə müəllimlərin təlimi, ixtisasartırması və metodiki dəstəyi ilə paralel aparılmalıdır. Çünki müəllimin fəaliyyətini ölçmək qədər onun peşəkar inkişafına şərait yaratmaq da vacibdir".

Tədrisin məzmunu yenilənir

Nazirlik islahatların ikinci böyük xətti kimi təhsilin məzmununun müasirləşdirilməsini qeyd edir:

"İncəsənət təhsilinin güclü klassik bazası qorunmalıdır. Lakin bugünkü şagird yalnız repertuarı mənimsəməli və texniki bacarıq qazanmamalıdır. O, yaradıcı düşünməyi, layihə hazırlamağı, rəqəmsal vasitələrdən istifadə etməyi, əməkdaşlıq etməyi və öz ideyasını təqdim etməyi də bacarmalıdır.

Son iki ildə incəsənət məktəblərində tədris olunan ixtisasların proqramları yenilənib, yeni dərsliklərin hazırlanmasına başlanılıb. Növbəti iki il ərzində isə kurikulumların bütövlükdə yenilənməsi istiqamətində iş davam etdiriləcək.

Əlamətdar yeniliklərdən biri fortepiano ixtisası üzrə yeni dərsliyin hazırlanmasıdır. Bu sahədə sonuncu belə dərsliyin ötən əsrin 50-ci illərində nəşr edilməsi məzmun yenilənməsinə nə qədər böyük ehtiyac olduğunu göstərir.

Mədəniyyət anlayışı artıq yalnız klassik musiqi, rəssamlıq və ənənəvi sənətlə məhdudlaşmır. Rəqəmsal texnologiyalar, dizayn, animasiya, audiovizual sənaye və yaradıcı iqtisadiyyat müasir mədəniyyət ekosisteminin ayrılmaz hissəsinə çevrilib.

Məhz bu dəyişikliklər nəzərə alınaraq yeni tədris ilindən ilk dəfə olaraq yaradıcı istiqamətlər üzrə yeni proqramlara start verilir.

Bu addım incəsənət məktəblərinin ənənəvi sənət təhsilindən müasir yaradıcı sənayelərə doğru açılmasının mühüm göstəricisidir".

Nəticəni ölçmək vaxtıdır

Nazirlik islahatların 3-cü istiqamətini isə belə izah edib:

"İslahatların üçüncü istiqaməti nəticəyönümlü idarəetmə və obyektiv qiymətləndirmə mexanizmlərinin yaradılmasıdır. Nəticələr tədrisin real vəziyyəti ilə bağlı bir sıra diqqətçəkən məqamları üzə çıxarıb. Belə ki, təxminən 2 minə yaxın şagird ya yekun imtahanda iştirak etməyib, ya da qeyri-kafi nəticə göstərib. Bu göstəricilər məktəblər üzrə nəticələrin daha dərindən təhlil edilməsini, mövcud problemlərin səbəblərinin müəyyənləşdirilməsini və şagirdlərin təlim nəticələrinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlərin görülməsini zəruri edir. Musiqi və incəsənət məktəblərinin məzunları üçün buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili məktəblərin real nəticələrini görməyə, müqayisəli keyfiyyət göstəricilərini müəyyənləşdirməyə və daha şəffaf qiymətləndirmə mühiti formalaşdırmağa imkan verir. Məqsəd sadəcə imtahan keçirmək deyil. Əsas sual budur: şagird məktəbi bitirərkən nə bilir, nə bacarır və qazandığı bilik və bacarıqları necə nümayiş etdirə bilir? Növbəti mühüm addımlardan biri beynəlxalq qiymətləndirmə modellərinin Azərbaycan incəsənət təhsilinə inteqrasiyasıdır. Bu istiqamətdə ABRSM modeli əsasında beynəlxalq qiymətləndirmə yanaşmalarının pilot tətbiqi nəzərdə tutulur. Belə mexanizmlər şagirdlərin hazırlıq səviyyəsini beynəlxalq meyarlarla müqayisə etməyə, istedadlı uşaqların inkişaf trayektoriyasını daha aydın müəyyənləşdirməyə və Azərbaycan incəsənət təhsilinin beynəlxalq mühitə inteqrasiyasını gücləndirməyə imkan verir. Burada məqsəd milli məktəbi başqa modellə əvəz etmək deyil. Məqsəd Azərbaycanın güclü incəsənət təhsili ənənəsini beynəlxalq standartlarla zənginləşdirməkdir".

İdarəetmə rəqəmsallaşır

Məlum olduğu kimi bu gün dünyada demək olar ki, hər şey rəqəmsallaşır. Nzirliyin məlumatına əsasən  təhsil sistemində də  idarə etmə artıq rəqəmsallaşır:

"Müasir təhsil sistemində keyfiyyət yalnız sinif otağında formalaşmır. Effektiv idarəetmə də onun vacib şərtidir. Bu baxımdan incəsənət təhsilində rəqəmsallaşma mühüm mərhələyə çatıb. Direktor, müəllim və şagird qəbulu elektronlaşdırılıb, təhsil müəssisələrinin fəaliyyətinin rəqəmsal idarə olunması üçün yeni mexanizmlər yaradılıb. Bu proses şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə və qərarların real məlumatlar əsasında qəbuluna imkan verir. Məzunlara elektron şəhadətnamələrin verilməsi də bu transformasiyanın mühüm tərkib hissəsidir. Keyfiyyətli təhsil üçün müasir infrastruktur da vacibdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Bilgəh, Şəki və Gəncədə incəsənət təhsili infrastrukturu yenilənir və yeni imkanlar yaradılır. Eyni zamanda Xankəndi şəhərində və Cəbrayıl rayonunun Şükürbəyli kəndində incəsənət təhsilinin təşkili istiqamətində addımlar atılır. Bu proses xüsusilə regionlarda uşaqların keyfiyyətli incəsənət təhsilinə çıxışının genişləndirilməsi baxımından əhəmiyyətlidir".

İstedadı daha erkən kəşf etmək

Mədəniyyət Nazirliyindən saytımıza o da bildirilib ki, incəsənət təhsilinin qarşısında duran əsas vəzifələrdən biri istedadlı uşaqları mümkün qədər erkən müəyyənləşdirmək və onların inkişafını sistemli şəkildə dəstəkləməkdir:

"Bu məqsədlə Elm və Təhsil Nazirliyi ilə birlikdə Uşaq İncəsənət Olimpiadasının keçirilməsi imkanları müzakirə olunur. Belə bir platforma uşaqların istedadının üzə çıxarılması ilə yanaşı, onların motivasiyasını artırmağa və gələcək peşəkar inkişaf istiqamətlərini daha erkən müəyyən etməyə kömək edə bilər. Bütün bu dəyişikliklərin yekun məqsədi yalnız ayrı-ayrı göstəriciləri yaxşılaşdırmaq deyil. Qarşıda daha böyük hədəf dayanır: musiqi və incəsənət məktəblərini müasir yaradıcı inkişaf platformalarına çevirmək. Bu məktəblər tədricən qapalı tədris məkanından açıq yaradıcı mühitə çevrilməlidir. Burada uşaq yalnız fortepiano çalmağı, rəsm çəkməyi, keramika hazırlamağı və ya başqa bir texniki bacarığı öyrənməməlidir. O, həm də düşünməyi, yaratmağı, əməkdaşlıq etməyi, layihə qurmağı, sosial və emosional bacarıqlarını inkişaf etdirməyi, özünü ifadə etməyi öyrənməlidir. Çünki gələcəyin yaradıcı insanına yalnız yaxşı texnika deyil, dünyanı anlamaq, fərqli düşünmək və yeni ideya yaratmaq bacarığı da lazımdır".

Təhsil həqiqətən incəsənətdir

Nazirlik bu gün təhsilə incəsənətin bir növü kimi baxdıqlarını qeyd edib:

"Azərbaycanın incəsənət təhsili böyük ənənəyə malikdir. İslahatların məqsədi həmin ənənədən imtina etmək deyil, onu gələcəyə daşımaqdır. Müəllimin peşəkarlığının artırılması, məzmunun yenilənməsi, yeni yaradıcı ixtisasların açılması, beynəlxalq qiymətləndirmə modelləri, rəqəmsallaşma, müasir infrastruktur və istedadların erkən aşkarlanması eyni məqsədin ayrı-ayrı hissələridir.Bu məqsəd isə aydındır: ənənəsini qoruyan, dünyaya açıq, yaradıcı düşünən və gələcəyin mədəniyyətini formalaşdırmağa hazır yeni nəsil yetişdirmək. Çünki təhsil özü də bir incəsənətdir".

Sizə yeni x var
Keçid et
Rusiyada etirazlar başladı! Kreml təhqirə keçdi - Axmaqlar...