Söz vaxtına çəkər, təxminən bir il əvvəl olardı. ...
Cabir əminin səhhəti günbəgün ağırlaşırdı. Həkimlərin sözlərində də artıq o ağır həqiqət hiss olunurdu. Bəzən bunu dolayısı ilə, bəzən də açıq şəkildə deyirdilər ki, artıq xəstəni evə apara bilərsiniz...
Amma Rəşad bunu qəbul etmək istəmirdi. Onun üçün atasının həyatı haqqında “artıq” demək mümkün deyildi. Rəşad inanırdı ki, Cabir əmi mütləq sağalacaq. Atasını həyatda saxlamaq üçün səssiz mübarizə aparırdı. Sanki taleyin özü ilə mübahisə edirdi.
Dostlar bir gün qərara gəldik ki, Rəşadı razı salaq. Cabir əmini xəstəxanadan evə aparsın. Bu söhbəti Rəşada demək mənə həvalə edildi.
İş yerinə getdim, görüşdük. Bir az ordan-burdan danışdıq. Hiss etdim ki, Rəşad nə üçün gəldiyimi ilk dəqiqələrdən tutub.
Dedi ki, qardaş, bir anlıq düşün ki, xəstə mənəm. Həkimlər də atama deyirlər ki, oğlunun vəziyyəti yaxşı deyil, evə apar.
Bir anlıq susdu, əlavə etdi: “Səncə atam məni evə aparardımı? Qətiyyən!”
Bu cavab Rəşadın həyat fəlsəfəsi idi. Davam edərək dedi ki, burada pulun, maddiyyatın heç bir önəmi yoxdur. Borc alaram, nəyim varsa, sataram. Atamın mənə qarşı etməyəcəyini mən ona qarşı necə edə bilərəm...
Rəşadın bu sözləri bir oğulun atasına olan sevgisinin baxışı idi.
Bütün çabalara baxmayaraq, həyatın ən ağır qanunlarından biri yenə öz sözünü dedi. Cabir əmi dünyasını dəyişdi. Amma Rəşadın oğulluğu bitmədi. Rəşad ata sevgisinin son mənzilinin qəbiristanlıq olmadığını göstərdi.

Bu gün səhər yeməyində bir araya gəlmişdik. Cabir əminin ildönümü ilə bağlı hazırlatdığı kitabı Rəşad mənə hədiyyə etdi. Doğrusu, kitabın hazırlandığından xəbərim vardı. Amma Rəşad imkan vermədi ki, onunla bağlı mən də nəsə edim. Hamısını özü etdi. Hər detalına toxundu. Kitabı varaqladıqca, elə hiss etdim ki, səhifələr tək Cabir əminin həyatı barədə məlumat vermir. Səhifələrdə Rəşadın atası üçün döyünən ürəyini də görmək olur.
Kitabı Ramiz Qusarçaylı ilə Qvami Məhəbbətoğlu hazırlayıb. Amma səhifələrdə Rəşadı hiss etdikcə anlayırsan ki, burada bir oğul atasını yenidən həyata qaytarmağa çalışıb. Şəkillərlə, xatirələrlə atasını unutmağa imkan vermir.
Rəşad kitabı mənə verəndə baxışlarında qəribə bir həyəcan hiss etdim. Kitabı vərəqləyəndə reaksiyamdan sanki hər səhifənin gözlərimdə necə yaşadığını görmək istəyirdi. Rəşad bu kitabla atasına olan sevgisini cildlətdirib.
Kitab bir oğulun atasına göndərdiyi, amma poçtla göndərə bilmədiyi məktubdur. “Ata, sən getmisən, amma mən səni buraxmamışam...” - ismarışını verir.
Kitabı əlimə alanda hiss etdim ki, Rəşad mənə kitabdan çox bir əmanət verir. Bu əmanət onun atasına olan sevgisi idi.
Əziz qardaş, sənə bir söz verirəm, bu kitabı sənin verdiyin dəyər qədər qorumağa çalışacağam. Bu kitab mənim üçün hər zaman bir oğulun atasına bitməyən sevgisinin şahidi rolunda olacaq.
Rəşad, sən atanı çox istəyirdin, bunu hamımız bilirdik. Amma onun yoxluğunda da onu belə sevməyə davam etməklə bizə daha böyük bir dərs verdin.