Azərbaycanda şagirdlərin təxminən yarısı dərslik, informasiya texnologiyaları avadanlığı, kitabxana və laboratoriya materiallarının çatışmadığı məktəblərdə təhsil alır.
Modern.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PISA 2025 tədqiqatının Azərbaycan üzrə nəticələrində bildirilib.
Məktəb direktorlarının cavablarına əsasən, ölkədə 15 yaşlı şagirdlərin 45 faizi tədris materiallarının çatışmazlığının təlim prosesinə müəyyən dərəcədə mane olduğu məktəblərdə oxuyur.
Söhbət dərsliklər, kompüter və digər informasiya texnologiyaları avadanlığı, kitabxana resursları və laboratoriya materiallarının çatışmazlığından gedir.
Şagirdlərin 41 faizi isə fiziki infrastrukturun yetərsiz olduğu məktəblərdə təhsil alır. Buraya məktəb binaları və əraziləri, isitmə-soyutma sistemləri, işıqlandırma və akustik şəraitlə bağlı çatışmazlıqlar daxildir.
Müəllim çatışmazlığı göstəricisi isə Azərbaycanda OECD ortalamasından aşağıdır. Şagirdlərin 23 faizi müəllim çatışmazlığının tədrisə mane olduğu məktəblərdə oxuyur. OECD ölkələrində orta göstərici 39 faizdir.
Köməkçi heyət çatışmazlığının tədrisə təsir göstərdiyi məktəblərdə oxuyan şagirdlərin payı Azərbaycanda 26, OECD ölkələrində isə orta hesabla 39 faiz təşkil edir.
Beləliklə, PISA nəticələri Azərbaycanda kadr çatışmazlığından daha çox tədris materialları və məktəb infrastrukturunun problem yaratdığını göstərir.