Akif Cabbarlı
Filologiya elmləri doktoru, Azərbaycan Mühacirət ədəbiyyatının və publisistikasının yorulmaz və fədakar tədqiqatçılarından olan Abid Tahirlinin yenicə çapdan çıxmış “Nağı Şeyxzamanlının həyatı və yaradıcılığı” monoqrafiyası tarixi keçmişimizə obyektiv baxış nümunəsi kimi olduqca dəyərli mənbə hesab oluna bilər. Monoqrafiyanı vərəqlədikcə bu qənaətə gəldim və qələm dostumuzu, tanınmış elm xadimi, yazıçı və publisisti ürəkdən təbrik edir, tutduğu şərəfli yolda yeni yaradıcılıq uğurları arzulayıram.
Mənim bu arzuma yüz faiz əminəm ki, bu yaxınlarda, isti avqust günlərinin birində Qəbələ şəhəri ətrafında, çay kənarının sərinliyində Abid müəllimin mühacirət fədailəri barədə söhbətlərinin yekunu olaraq qəbələli dostlarım - tanınmış kimyaçı alim Nəriman Cavadov və şair Mirhəsən Ağayev də şəksiz-sorğusuz qoşulacaqlar. O, hər üçümüzə yeni kitabını bağışladı və tövsiyə də elədi ki, canı, qanı ilə Azərbaycan dövlətçiliyinə xidmət edənlərin həyat yolunu, ədəbi və siyasi irsini dərindən öyrənməyimiz övladlıq borcumuz, Vətənə dərin məhəbbətimiz olardı.

Mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən və Xalq Cümhuriyyətinin fəal və mətin qurucularından olan Nağı Şeyxzamanlının keçdiyi şərəfli həyat yolu zaman-zaman Abid Tahirlinin müşahidə radiusundan kənarda qalmamış, M.Ə. Rəsulzadə, N.B. Yusifbəyli, Fətəli Xan Xoyski, Ə.B. Ağaoğlu, Ə.B. Topçubaşov və başqaları ilə bir sırada adı həmişə böyük hörmətlə çəkilən bir Azərbaycan fədaisinin zəngin ədəbi irsinin, siyasi və dövlətçilik fəaliyyətinin tədqiqini və geniş oxucu kütləsinə təqdimini özünün əsil mənada vətəndaş və vicdan borcu, peşəkar yaradıcılıq kredosu kimi ortaya qoymuşdur. Abid müəllim yeni monoqrafiyası ilə tarixi keçmişimizə geniş spektrdə işıq salmaq missiyasını çox ustalıqla yerinə yetirmişdir desək, yanılmarıq. Kitaba yazılan ön sözün müəllifləri Sərvaz Hüseynoğlu və Günay Xəlilova heç də əbəs yerə Abid Tahirlinin yeni monoqrafiyasını şərəfli həyat yolu keçmiş mübariz şəxsiyyətlərin ömür yolunun öyrənilməsinə, tariximizə layiqli xidmət işi olmaqla dəyərli tarixi mənbə, dərslik adlandırmırlar.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Əksinqilab ilə Mübarizə Təşkilatının sədri, mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Nağı Şeyxzamanlının həyat yoluna həsr edilmiş monoqrafiyada Azərbaycan tarixinin qaranlıq səhifələrindən, xüsusən də Mart qırğınından, Gəncə hadisələri zamanı ermənilərin xalqımıza qarşı törətdiyi ağlasığmaz cinayətlərdən, Qafqaz İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşündən bəhs edən hadisələr dərindən təhlil edilmiş, bu günün prizmasından münasibət bildirilmişdir.
Abid Tahirlinin yeni monoqrafiyası barədə təhlilçilər, tədqiqatçılar şübhəsiz öz fikir və mülahizələrini mətbuatda bildirəcəklər. Mən isə sadəcə yeni nəşr barədə informativ məlumat vermək, əziz və hörmətli dostuma, qələm yoldaşıma yeni yaradıcılıq uğurları, cansağlığı arzulamaq istədim. Başladığın və çox böyük fədakarlıqla davam etdirdiyin şərəfli yol həmişə hamar və işıqlı olsun!