Modern.az

AJB ilə Mətbuat Şurası birləşir? - Elçin Şıxlı danışdı

AJB ilə Mətbuat Şurası birləşir? - Elçin Şıxlı danışdı

Media

Bu gün, 14:38

Azərbaycan jurnalistlərinin IX qurultayının oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur. Mətbuat Şurasının yeni tərkibinin formalaşdırılacağı qurultay ərəfəsində Azərbaycan Jurnalistlər Birliyinin (AJB) fəaliyyətində də fəallıq müşahidə olunur. Birliyə yeni üzvlər qoşulur, bölgələrdə jurnalistlərlə görüşlər keçirilir. Bu proses AJB ilə Mətbuat Şurasının birləşməsi məsələsini də gündəmə gətirib.

Modern.az mövzu ilə bağlı AJB-nin sədri, Əməkdar jurnalist Elçin Şıxlı ilə əlaqə saxlayıb.

O bildirib ki, iki qurumun funksiyalarında müəyyən oxşarlıqlar olsa da, nizamnamələrində nəzərdə tutulan fəaliyyət istiqamətləri tam üst-üstə düşmür:

“Mətbuat Şurasının nizamnaməsi var və onun funksiyaları Azərbaycan Jurnalistlər Birliyinin nizamnaməsində müəyyənləşdirilən funksiyalarla tam üst-üstə düşmür. Müəyyən oxşarlıqlar var, amma fərqlər də mövcuddur. Ona görə də birləşmədən söhbət gedə bilməz. Bunlar ayrı-ayrı strukturlardır”.

Elçin Şıxlının sözlərinə görə, AJB-nin fəaliyyətini yeniləmək üçün təşəbbüs qrupu yaradılıb. Hazırda təşkilatlanma işləri aparılır və bölgələrdə görüşlər keçirilir.
“Keçmiş heyətin üzvləri artıq yoxdur. Azərbaycan Jurnalistlər Birliyinin fəaliyyətini yeniləmək istəyirik. Layihələrimiz çoxdur. Hələlik toparlanırıq, bölgələrdə görüşlər keçiririk. Jurnalistikada müəyyən boşluqlar var və onları doldurmaq lazımdır”, – deyə AJB sədri qeyd edib.
Elçin Şıxlı 2014-cü ildən Mətbuat Şurasının üzvü olmadığını da bildirib. Onun sözlərinə görə, həmin vaxt qurumdakı münasibətlər onu qane etmədiyi üçün üzvlükdən ayrılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az