Modern.az

“Rusiyalı jurnalistlərə Dilqəmlə Şahbazın girov saxlanıldığını çatdırdım” - MÜSAHİBƏ

“Rusiyalı jurnalistlərə Dilqəmlə Şahbazın girov saxlanıldığını çatdırdım” - MÜSAHİBƏ

Aktual

5 İyul 2016, 10:17

Xəbər verdiyimiz kimi, 27-30 iyun tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 47-ci sessiyası keçirilib. Sessiya barədə Azərbaycanın QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Modern.az saytının suallarını cavablandırıb.


- Eldar müəllim, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 47-ci sessiyasında hansı məsələlər müzakirə edildi?


- Bildiyimiz kimi, iyun ayının 27-dən 30-na kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyasının toplantısı keçirildi. İldə iki dəfə bu plenar iclas baş tutur. Hər 6 aydan bir də sədrlər dəyişir. Orada baş katib azərbaycanlı Asəf Hacıyevdir. O, ümumi protokol məsələlərin baxır. Bu dəfə sədr Rusiya dumasının rəhbəri Sergey Narişkin idi. Komitələrdə iclaslar keçirildi. 12 üzv ölkədən başqa ATƏT-in nümayəndəliyi və digər 17 beynəlxalq təşkilatdan olan nümayəndələr bu dəfəki toplantıya qatılmışdılar.
Plenar və komitə iclaslarında əsasən iqtisadi məsələlər müzakirə olundu. Plenar iclasın ilk məsələsi 6 ay ərzində üzv ölkələrin hesabatı idi. Daha sonra isə təşkilata üzv ayrı-ayrı ölkələrin ümumi hesabatları dinlənildi.
Mən də Azərbaycan nümayəndə heyətinin sədri kimi ölkədəki mövcud iqtisadi vəziyyətdən, bugünkü durumdan və gələcək prespektivlərdən söz açdım. Çıxışımda daha çox TANAP, TAP, qaz layihələri ilə bağlı, İzmirdə neftayırma zavodunun tikilməsi haqqında məlumat verdim. Serbiyaya dövlət səviyyəsində 300 milyon dollar həcmində vəsait ayırmağımızı da vurğuladım. Bu, böyük bir layihədir. Çünki Serbiyada yolu azərbaycanlılar salır. Bu layihədə həm də ayırdığımız məbləğ dövlət tərəfindən sığortalanıb.
Digər komitələrdə qaçqın və məcburi köçkünlər haqqında ciddi müzakirələr oldu. Onların həyat şəraitinin, sosial rifahının yaxşılaşdırılması istiqamətində Azərbaycanın gördüyü işlər haqqında danışdıq.


- Assambleyasının budəfəki sessiyasında ermənilər yenə də təxribat törətdimi?


- Bizdən qabaq ermənilər çıxış etdilər. Biz onların çıxışına sona qədər qulaq asdıq. Ermənilər çıxış edərkən dedilər ki, “azərbaycanlılar aprel ayında bizi qırdılar, hücum etdilər, 100-dən artıq insanımız məhv edildi. Amma biz də 200-dən artıq Azərbaycan əsgərini məhv etdik”.
Mən də iqtisadi məsələlərdən danışdıqdan sonra çıxışımı saxladım və başladım erməni nümayəndə heyətinin təxribatına cavab verməyə. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasını, 1 milyon 200 min nəfər qaçqın və məcburi köçkünün olduğunu xüsusi şəkildə diqqətə çatdırdıq. ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin heç bir nəticə vermədiyini bəyan etdik. BMT-nin Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsi haqda üzv ölkələrin deputatlarına məlumat verdik. Mən onlara bildirdim ki, işğal altındakı ərazilərdə bu gün heç bir mülki əhali yaşamır və ora erməni silahlı qüvvələrinin əlindədir.
Qeyd etdim ki, bizim problemimiz erməni xalqı və milləti ilə deyil. Bizim problemimiz işğalçı qüvvələrlədir. Biz işğal edilmiş torpaqlarımızın geri qaytarmaq uğrunda mübarizə aparırıq. Diqqətə çatdırdıq ki, aprel əməliyyatları Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutması nəticəsində başladı. Biz də məcbur olub Ermənistana cavab verdik. Rusiyanın xahişi ilə atəşkəsə əməl etdik.
İclasdan sonra Rusiyanın “Ria Novosti” İnformasiya Agentliyi mənə Qarabağla bağı çıxışıma görə suallar verdi. Soruşdular ki, Dağlıq Qarabağla bağlı niyə belə çıxış etdiniz ?
Mən suala cavab olaraq dedim ki, Rusiya tarixçiləri ermənilərin Azərbaycana köçürülməsini çox gözəl bilirlər. Xatırlatdım ki, tələbə olanda ermənilərin Qarabağa köçürülməsinin 150 illiyini bir yerdə qeyd etdik. Yəni ermənilərin Qarabağa qədimlərdə deyil, son əsrlər köçürüldüyünü jurnalistlərin diqqətinə çatdırdım. Jurnalistlərə dedim ki, Ermənistandan hansı dəniz var? Amma ermənilər dənizləri olmaya- olmaya “dənizdən dənizə Ermənistan” xülyası ilə yaşayırlar. Nə qədər onun-bunun torpağına göz dikəcələr? Biz erməni xalqının və millətinin əleyhinə deyilik. Sadəcə olaraq işğalçılar bizim torpaqlardan çıxmalıdırlar. Ermənilər deyirlər ki, gəlin Dağlıq Qarabağın statusuna referendumla baxaq.
Jurnalistə dedim ki, bizim azərbaycanlılar öz ata-baba yurduna qayıtmalıdırlar. Yalnız ondan sonra ermənilər və azərbaycanlılar bir yerdə referendum keçirə bilər. Dilqəm və Şahbazın günahsız yerə həbs olunaraq, bu günə qədər girovluqda saxlanıldığını rus jurnalistlərə ermənilərin vəhşiliyi və amansızlığı olaraq çatdırdım.


- Bəs sessiyada başqa hansı məsələlərə toxunuldu?
Hansısa sənədlər qəbul edildimi?


- Assambleyanın toplantısının növbəti günü Azərbaycandakı qaçqın-köçkünlərin vəziyyəti barədə hesabat verdik. Azərbaycan hökumətin 90-cı illərin əvvəllərindən bu günə qədər çadır şəhərcikələrində  yaşamış köçkünlər üçün gördüyü işləri, həmin şəhərciklərin əvəzində yeni yaşayış massivlərinin salındığını diqqətə çatdırdıq.
Cənab Prezidentin qaçqın və məcburi köçkünlərlə bağlı 96 sərəncam verdiyini, Nazirlər Kabinetinin 63, Milli Məclisin 34 qərarının olduğunu bildirdik. Amma bütün bunlara baxmayaraq, qaçqın və məcburi köçkünlərin mütləq öz yurd-yuvalarına geri dönmələrinin vacibliyini vurğuladıq. Hətta bununla bağlı təşkilat qarşısında qaçqın və məcburi köçkünlərin məsələsini xüsusi bəyannaməyə də daxil etdik.
Sonra isə toplantının bağlanış hissəsinə yaxın Türkiyədə baş verən terror aktı ilə əlaqədar terrorun pislənməsi və bu kimi hadisələrin qarşısını alınması ilə bağlı olaraq daha bir bəyannamə də qəbul edildi.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası növbəti dəfə bu il noyabrın 28-də toplanacaq. İclasın gündıliyi hələ ki bəlli deyil. Amma toplantıya növbəti evsahibliyini Serbiya edəcək. Yəni 28 noyabrdakı plenar iclas Belqradda baş tutacaq.




Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!