Modern.az

Məmmədin partası...

Məmmədin partası...

15 Sentyabr 2016, 15:22

Bu gün bütün uşaqlar məktəbə getdi. Atalar, analar böyük sevinc yaşadı. Təkcə Məmməd dərsə getmədi. Çünki onun partasında Aşot oturmuşdu, Bakıda yox, Xankəndində... Və Aşotun müəllimi Vazgen yenə də təkrar-təkrar uşaqlara azərbaycanlıların onların tarixi düşmən olduğunu, böyüyəndə onlardan qisas almalarını söyləyirdi. Aşot Məmmədin partasında əyləşib belə dərs alırdı. Məmmədə isə hələ ki, həyat dərs keçirdi.

Məmmədgilin evində televizor işləmirdi. Təzə televizor almağa da imkan yox idi. Hardan olsun? Ata müharibə əlili, ana evdar qadın. Məmməd müharibə kinolarına, qəhrəmanlarımız haqqında hazırlanmış  verlişlərə baxmaq istəyirdi. Ancaq bundan da məhrum olmuşdu. Çıxış yolu hər həftənin bazar gününü gözləmək idi. Məmmədin əmisi hərbçi idi və evə yalnız bazar günləri gəlirdi. İri "Samsunq" telefonu var idi. Nümunəvi xidmətinə görə komandanlıq tərəfindən hədiyyə edilmişdi. Və hər bazar günü o, Məmmədə Qarabağ müharibəsi ilə bağlı şəkillər, videolar, yazılar göstərirdi. Aprel döyüşlərindən sonra isə onlar birlikdə jurnalist Aida Eyvazlının şəhidlərimizlə bağlı yazdığı yazıları oxumağa başlamışdılar. Sonuncu dəfə onlar bu silsilədən olan otuz üçüncü yazını ürək ağrısı ilə oxumuşdular...

Məmməd həftədə bir neçə gün məşkunlaşdıqları uşaq bağçasının yaxınlığında yerləşən bazara gedirdi. O, alver edənlərin yükünü daşıyır,  xırda-para işlərini görür və bunin müqabilində beş-üç manat pul qazanırdı. O həmin pulları tez-tez səhifələdiyi "Böyüməyən uşaqlar" kitablnın arasına yığırdı. Ona görə yığmırdı ki, siqaret alsın, kinoya, çayxanaya getsin. Yox-yox əsla... Rayonun mərkəzində ödənişli idman zalı var idi. Məmməd həmin zala getmək istəyirdi. Əzələlərini şişirdib qızlara nümayiş etdirmək üçün yox, güclü olub gücünü düşmənə göstərmək üçün. Çünki daha az qalmışdı, o bir az da böyüyəcəkdi və cəbhəyə yollanacaqdı. Məmməd yaxşı bilirdi ki, partasına sahib çıxan həmyaşıdı Aşot da böyüyəçək və o da azərbaycanlılara güllə atacaq. Ancaq Məmməd buna imkan verməyəcək.

O, Aşotu öldürəcək...

Məmməd müharibədə əlil olan atasının edə bilmədiklərini edəcək. O qoymayacaq ki, azərbaycanlı balalarının partalarına ermənilər sahib çıxsın. O hökmən öz partasını azad edəcək və Məmmədin oğlu büföv Azərbaycan adlı bir məmləkətdə, məhz həmin partada əyləşib Qarabağın tarixini öyrənəcək. Həmin tarixin bir səhifəsində də Azərbaycan prezidentinin sərəncamı əks olunacaq: "Xankəndi şəhərində, Şirin Mirzəyev küçəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbin binası inşa edilsin..."

O məktəbin binası ucalacaq, hökmən ucalacaq, üçrəngli bayrağımız kimi...


İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir