Modern.az

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu

23 Oktyabr 2017, 21:46

Azərbaycanda səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Heydər Əliyev Mərkəzində olub. Modern.az xəbər verir ki, Pan-Afrika Parlamentinin prezidentinə müasir Bakının rəmzinə çevrilmiş Mərkəzin fəaliyyəti haqqında məlumat verildi. Bildirildi ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir.

 

Qeyd edildi ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Ümummilli liderin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılıb.

 

Qonaqlar Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış oldular. Məlumat verildi ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəblərinin ən nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir. Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı olan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.

 

Nümayəndə heyəti Mərkəzdə “Klassik avtomobil sərgisi” ilə tanış oldu. Diqqətə çatdırıldı ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

 

Pan-Afrika Parlamentinin prezidenti Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir