Modern.az

Palçıq Vulkanları Turizm Kompleksinə gələnlərin 93-94 faizi xaricilərdir

Palçıq Vulkanları Turizm Kompleksinə gələnlərin 93-94 faizi xaricilərdir

Ölkə

Bu gün, 12:16

Bu ilin ilk səkkiz ayında Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və turizm müəssisələrini 432 min nəfər bilet alaraq ziyarət edib. Ödənişsiz ziyarətçilərin sayı isə 100 mini ötüb.

Modern.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib.

Onun sözlərinə görə, ödənişli ziyarətçilərin 71 faizini xarici turistlər təşkil edib. Palçıq Vulkanları Turizm Kompleksində bu göstərici təxminən 93–94 faiz, Şəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda isə 50 faizdir.

Murad Ağabəyli bildirib ki, Palçıq Vulkanları Turizm Kompleksini il ərzində minlərlə turist ziyarət edir. Kompleksdə Turizm İnformasiya Mərkəzi, dulusçuluq və rəsm emalatxanaları, mineral süxurların nümayiş olunduğu sərgi zalı və Təbiət Tarixi Sərgi Zalı fəaliyyət göstərir. Onun sözlərinə görə, yaradılan şərait turistlərə palçıq vulkanlarına toxunmadan və zərər vurmadan onlarla yaxından tanış olmaq imkanı verir.

Mərkəz sədri yeni turizm məhsullarının hazırlanması ilə bağlı işlərin də davam etdiyini deyib. Lahıcda müxtəlif istiqamətlər üzrə işlər aparılır, Basqalda isə bir neçə turizm məhsulunun hazırlanması yekunlaşmaq üzrədir. Şəki “Yuxarı Baş” qoruğunda Şəbəkə emalatxanası və Tarix-Diyarşünaslıq Muzeyi artıq turistlərin istifadəsinə verilib.

İşğaldan azad edilmiş ərazilərə də toxunan Murad Ağabəyli Suqovuşan qoruğunda infrastruktur işlərinin aparıldığını, Şahbulaq qalası ətrafında turizm infrastrukturunun qurulmasının isə yekunlaşmaq mərhələsində olduğunu bildirib.

O əlavə edib ki, Dövlət Turizm Agentliyi yeni layihələri mərhələli şəkildə turistlərin istifadəsinə təqdim edəcək.

Lamiyə Cənnətzadə

Sizə yeni x var
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?