Modern.az

Azərbaycan, Gürcüstan və Ermənistan: söz azadlığı harada çox boğulur?

Azərbaycan, Gürcüstan və Ermənistan: söz azadlığı harada çox boğulur?

25 Noyabr 2009, 16:02

On dörd azərbaycanlı jurnalistdən ibarət nümayəndə heyəti Gürcüstan səfəridən qayıdıb. ATƏT-in təşkilatçılığı ilə azərbaycanlı, gürcü və erməni jurnaistlərinin birgə toplantısı barədə nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova Modern.az saytına danışıb.

“Konfransda jurnalistlər, hüquq müdafiəçiləri, tədrislə məşğul olan 60 nəfər iştirak edirdi. Birinci gün tədris məsələləri, jurnalist kafedralarında praktik cəhətdən dərslərin və texniki təchizatın zəifliyi, universitetlərin televiziya, radio, qəzet və media holdinqlərlə birbaşa əlaqələrinin olmaması müzakirə olundu. Bilirsiniz, Qafqaz jurnalistikasının Qafqaz məktəbi var. Müzakirlərdə məlum oldu ki, Azərbaycan, Ermənistan və Gürcüstanda eyni problemlər yaşanır”.

Deputat qeyd edib ki, tədbirdə məruzə edən erməni jurnalist ölkəsində media sahəsində heç bir problem olmadığından danışıb: “Amma mən ona dedim ki, siz mücərrəd danışırsınız. Sanki sizin nöqsanlarınız yoxdur. Elə bil hər şey sizdə yaxşıdır. Ondan soruşdum ki, müəllimlərinizin maaşı nə qədərdir? Dedi ki, 200 dollar civarında. Bu bizlə müqayisədə aşağı rəqəmdir. Başqa bir sual verdim ki, ola bilərmi siz təcrübəli, tanınmış jurnalistə  yüksək maaş verib onu dərs deməyə dəvət edəsiniz? Dedi ki, xeyr, onlarda belə bir praktika və imkan  yoxdur.

İkinci gün isə söz azadlığından söhbət getdi. Burada mən maraqlı müşahidənin şahidi oldum. Azərbaycandan olan nümayəndə Mehman Əliyev çox radikal danışdı. Özü də mətbuatın deyil, hakimiyyətin nöqsanlarından danışdı. Azərbaycan hakimiyyətinin mətbauta qarşı nöqsanlarından söz açdı. O, danışanda hər şeyin qara rəngdə göründüyü ortaya çıxdı. Elə bil bizdə mətbuat tam azad deyil, boğulur, ölür və iqtisadi çətinliklər içərsindədir. Hesab edirəm ki, ölkəmizdən kənarda bu şəkildə danışmaq doğru yanaşma deyil. Bu sahədə müəyyən problemlərin olduğunu mən də bilirəm. Ancaq nə erməni, nə də gürcü jurnalisti gəlib bizim problemimizi həll edəsi deyil. O, mətbuatın özünün problemlərini önə çəkmədi. Halbuki, mətbuatın özündə də problemlər çoxdur. Mətbuata ictimai marağın az olması, əhali tərəfdən inamın azalması, və s. Demək mətbuatın özündə də ciddi problemlər var. Erməni nümayəndə çıxış edəndə problemlər barədə demək olar ki, heç nə demədi. Hətta mən ona belə bir replika atdım ki, siz bir diplomat kimi hər şeyi bacardınız, eyni zamanda da heç nə demədiniz. Guya, Ermənistanda təzyiq, həbs yoxdurmu? Gürcüstandan olan məruzəçi də ölkəsini təriflədi.

Onun ardınca gürcü jurnalistlər çıxış edib dedilər ki, onların mətbuatında problemlər var. Ermənilər bu sahədə olan problemləri ört-basdır etdiklərinə görə, biz etiraz etdik. Qeyd etdiyim kimi, Gürcüstan tərəfindən olan məruzəçini öz həmkarları ifşa etdi. Onun məruzəsindən sonra iki nəfər müxalifətyönlü jurnalist ayağa qalxıb dedi ki, düz danışmır. Gürcüstanda jurnalistlər döyülür və təhqir olunur”.

Deputat bildirib ki. həmin tədbirdə yalnız Mehman Əliyev açıq şəkildə radikalcasına Azərbaycanda media sahəsindəki problemlərdən danışıb: "Bu, məndə belə qənaət yaratdı ki, söz və mətbuat azadlığı daha çox Azərbaycanda inkişaf edib. Çünki erməni və gürcü jurnalistlər fikirlərini loyal şəkildə ifadə etdilər. Halbuki gerçəklik göz önündədir”.

Qeyd edək ki, Cənubi Qafqaz jurnalistləri sonda jurnalistikanın tədrisi ilə bağlı Bəyannamə qəbul ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir