Modern.az

Xaçmazda zona müşavirəsi keçirilib

Xaçmazda zona müşavirəsi keçirilib

19 Aprel 2018, 15:46

Aprelin 19-da Xaçmazda keçirilən zona müşavirəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan intensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

 

Modern.az xəbər verir ki, zona müşavirəsində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan fermerlər, ailə-kəndli təsərrüfat sahibləri, iri heyvandarlıq komplekslərinin, istehsal və emal müəssisələrinin nümayəndələri, kənd təsərrüfatı idarələrinin, süni mayalama və baytarlıq idarələrinin mütəxəssisləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

 

Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyev heyvandarlığın intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi üçün nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, habelə respublikada heyvandarlıq sahəsinin inkişaf perspektivləri, damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması və etibarlı yem bazasının yaradılması məqsədi ilə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

 

Müşavirədə heyvandarlıqda yüksək genetik məhsuldarlıq potensialına malik damazlıq qaramalın idxal edilərək lizinqə verilməsi qaydaları və onların saxlanması üçün zoogigiyenik tələblər və balanslaşdırılmış yem rasionunun tərtibi, habelə   heyvandarlıqda süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar edilib. Bununla yanaşı, heyvanlar üzrə yem rasionunun və ayrı-ayrı yem bitkiləri üzrə əkin sahələrinə olan tələbatın hesablanmasına dair məlumatlar müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

 

Tədbir çərçivəsində regionda fəaliyyət göstərən iri heyvandarlıq komplekslərinin və emal müəssisələrinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilib. Ailə-kəndli təsərrüfatlarının sahiblərini və mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Zona müşavirəsində Respublika Süni Mayalama Mərkəzində çalışan beynəlxalq məsləhətçinin iştirakı ilə müasir quruluşlu mobil laboratoriya, xüsusi təyinatlı maye azot daşıyan avtomobil və digər avadanlıqlar da nümayiş etdirilib.

 

Müşavirənin sonunda rayon kənd təsərrüfatı idarələrinin heyvandarlıq sektorunun mütəxəssislərinin “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində heyvanların qeydiyyatının aparılması üzrə bacarıqlarının artırılması məqsədi ilə məşq və təlim keçirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi