Modern.az

Orta məktəblərdə şahmat müstəqil fənn kimi tədris ediləcək

Orta məktəblərdə şahmat müstəqil fənn kimi tədris ediləcək

Təhsil

21 Oktyabr 2011, 16:51

Oktyabrın 21-də Təhsil Nazirliyində ölkəmizin ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, şahmat üzrə tanınmış mütəxəssislər və ixtisaslaşmış şahmat məktəblərinin rəhbərləri iştirak ediblər.

Təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyev tərəfindən imzalanmış “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nı ölkəmizdə bu sahəyə olan diqqət və qayğının əyani təzahürü kimi səciyyələndirib.

Təhsil Nazirliyi sistemində 66 uşaq-gənclər şahmat məktəbinin fəaliyyət göstərdiyini qeyd edən nazir bu məktəblərdə 2648 qrupda 36 mindən çox məktəblinin şahmatın sirlərini öyrəndiyini nəzərə çatdırıb. Misir Mərdanov şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir inventar, avadanlıq, kompüter, dərslik və dərs vəsaitləri ilə tam təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, son illər bir çox rayonlarda yeni Uşaq-Gənclər Şahmat Məktəblərinin tikilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Respublikamızın ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin aktuallığını diqqətə çatdıran təhsil naziri Dövlət Proqramına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün görüləcək işlərin müəyyənləşdirilməsi məsələlərinə toxunub. Bu məqsədlə müvafiq tədris proqramının hazırlanmasının, məktəblərdə həmin fənni tədris edəcək müəllimlərin seçilməsinin zəruriliyini vurğulayan təhsil naziri, həmçinin dünya təcrübəsinin dərindən öyrənilməsinin gərəkli olduğunu bildirib. Nazir, ilk növbədə bu yeniliyin tətbiq olunacağı məktəblərin seçilməsi və qazanılmış təcrübə əsasında digər ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələlərinə baxılmasının daha səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.

Misir Mərdanov qeyd olunan məsələlərlə bağlı Azərbaycan Şahmat Federasiyasının Təhsil Nazirliyinə göndərdiyi təklifləri diqqətə çatdırıb, qarşıda duran müvafiq vəzifələrin həlli üçün tapşırıq və tövsiyələrini verib.

Belə bir tədbirin keçirilməsinə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov şahmatın inkişafına verilən dövlət dəstəyinə görə beynəlxalq aləmdə Azərbaycan təcrübəsinin yaxşı bir nümunə kimi qəbul olunduğunu qeyd edib. Bu baxımdan əldə edilmiş uğurlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərinin layiqli yer tutduğunu bildirən F.Həsənov artıq dünyanın qabaqcıl ölkələrinin orta məktəblərində şahmatın müstəqil fənn kimi tədris olunduğunu nəzərə çatdırıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisinin xalqın intellektual potensialının inkişafı və istedadlı gənclərin üzə çıxarılması baxımından əhəmiyyətindən bəhs edib, bu işin şagirdlərin asudə vaxtının səmərəli təşkilinə əlverişli zəmin yaradacağını vurğulayıb.

Daha sonra orta məktəblərdə şahmatın tədris olunmasına dair fikir mübadiləsi aparılıb, bu məsələnin həlli ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi