Arxiv
19 Noyabr 2018, 11:18 | AKTUAL
Berqman, Tarkovski və Qotland adası

İsveçə gələn gündən könlümdən keçənlərin biri də odur ki, yolumu salam Qotland adasına, Tarkovskinin sonuncu filmini – “Qurbanvermə”ni çəkdiyi Nərsholmenə (Närsholmen) gedəm. Bəşəri qorxunun, Apokalipsis öncəsi həyəcanın, xilas naminə qurbanvermənin kinoda təcəssüm olunduğu yerə.

Düzdü, Stokholmda o filmin atom müharibəsi elanı zamanı insanların panik qaçış səhnəsi çəkilən Tunnelgatan küçəsində olmuşam. Rejissorun belə bir kadrı niyə məhz adı kimi özü də tuneli xatırladan küçədə lentə almasını başa düşmək istəmişəm.

Filmlərində “İncil” mövzularından geninə-boluna istifadə edən rejissor burada da ənənəsinə sadiqdi – uzun, dar küçəni görəndə anladım bunu. Dəhşət, panika içində olan insan ən böyük qorxunu cəhənnəm darvazasından çıxırmış kimi dar keçiddə yaşayır.

…Atam danışırdı ki, Ağdama ilk mərmilər düşən gün təşviş içində qaçan adamlar Uzundərə körpüsünün altındakı dar keçiddə tixaca düşmüşdülər…

Mistikadan uzaq adamam, amma dünya mistik qəribəliklərlə doludu. Zavallı Tarkovskinin onda ağlına da gəlməzdi ki, filmin ilk təqdimatı Çernobıl faciəsiylə təxminən bir vaxta təsadüf edəcək, o məşum səhnəni çəkən kameranın quraşdırıldığı məhz həmin yerdə bir-neçə ay sonra İsveçin baş naziri Olof Palme qətlə yetiriləcək.

Xilas əvəzinə qurban! Budurmu, ilahi ədalət?

Bəşəri ideyaların yalnız İsveçdə yox, bütün dünyada carçısı olan bu adam öz əqidəsinəmi qurban getdi “Qurbanvermə” filminin çəkildiyi yerdə?

Bu, təkcə filmin ideyasının tarixi hadisələrdə ironik inikası deyil, həm də İsveç tarixinin sonacan açılmayan cinayət sirlərindən biridi.

 

Qotlanda getmək istəyimin bir səbəbkarı da dünya kinosunun başqa  ünlü ismi İnqmar Berqmandı.

Berqman ömrünün son illərini orada – Qotlandın, filmlərinin xeyli hissəsini ərsəyə gətirdiyi, şimal burdundakı balaca Furö (Fårö) adasında yaşayıb. Elə orada da dünyasını dəyişib və dəfn olunub.

İsveçlilərin “yay cənnəti” adlandırdığı bu adanın nəsə başqa bir sehrimi var ki, iki kino nəhəngi filmlərini bu yerlərdə çəkib, dünya ilə də elə burada vidalaşıblar!?

Tarkovski son filmini çəkəndə ağciyər xərçəngi olduğunu bilirdi.

İngmar Berqmanın filmlərinə yenidən, bu dəfə bir “isveçli” kimi baxmağa çalışıram. Məndən isveçli çıxmaz, onu bilirəm, sadəcə, Berqmanı duymağa can atıram. Doğrudanmı filmləri də özü kimi İsveçin təbiətindən doğub, yaranıb?

Böyüdüyü mühit, iqlim insanın dünyagörüşünə, dünyaduyumuna təsir edən ən güclü səbəbdi. İnsan xaraktercə yaşadığı təbiətə bənzəyir! Əgər belədisə, niyə Berqmanı dünya tamaçaşısı isveçlilərdən daha öncə başa düşüb, duyub?

 

İsveçlilər Berqmanı indi anlamağa başlayırlar. O, cəmiyyətdə individalizmin kök atdığı indiki vaxtda isveçlilərin müasirinə çevrilməkdədi. Onun yaradıcılığının pik dövründə isə İsveç cəmiyyətini sosial ədalət, siniflərarası münasibət düşündürürdü. Berqmansa bu söhbətlərdən uzaq idi.

O, ilk növbədə fərdiyyətçiydi, kiminləsə birgə işinə rast gəlməzsiniz. Berqman həmişə “sözündən çıxmayan” adamlarla işləyib. Sənətində daha çox ekzistensialist (türkiyəlilər buna yaxşı qarşılıq tapıblar – “varoluşçuluk”) mövzulara yer ayırıb.

Dünya miqyaslı rejissoru öz vətənində həm də ona qədər heç kimin toxunmadığı, bir növ “naqolay” mövzulara üz tutması fəxrolunacaq milli sənətkar səviyyəsinə qalxmağa qoymurdu.

Faşistlərə loyallığın tənəsini uzun müddət yaşadığını demirəm heç.

Bütün bu “narahatçılıqlar” onun dövlətlə vergi problemi yarananda zirvə həddinə çatdı və Berqman ölkəni tərk etdi. Sonra geri qayıtması üçün kraldan belə neçə adam onu dilə tutacaq, baş nazir publik üzr istəyəcəkdi.

***

“Fellinin, Berqmanın, Tarkovskinin filmləri daha kino deyil, dərs vəsaitidi!”

Bu fikri, çoxdan, hələ Bakıda yaşayan vaxtı qeyd eləmişdim gündəliyimə. Əvvəlki feysbuk səhifəmdə paylaşmışdım da. Sən deyən elə də reaksiya verən olmamışdı. Onda belə başa düşmüşdüm ki, yəqin fikir ya yarımçıqdı, ya da anlaşılmaz.

Təxminən on il sonra bu günlərdə təzədən o fikrə qayıdası oldum. Bu dəfə daha əminliklə!

O rejissorların çəkdikləri zaman sonrası dövrün kinolarıdı. Bu filmlər sabahın adamları üçündü.

Bütün böyük sənət nümunələri sənətkarın sabaha naməsidi!

Vaqif Mustafazadənin “Sevil” qrupu oxuyanda nənəmin televizoru Moskva kanalına çevirməyini xatırlayıram. Bu gün onun əsərləri qızımın sevimli musiqilərindəndi, konsertlərdə isveçli dinləyicilərə də sevdirir onu.

Tarkovskini mənə hələ yeniyetmə çağımda evimizin alt qatında kirayə qalan skripka müəlliməsi tanıtmışdı. “Stalker”ə birlikdə baxmışdıq televizorda. Sonra tələbə vaxtı “Bilik” cəmiyyətinin afişasında “Nostalgiya”nı görəndə tələsik yüyürüb bilet almışdım. Birdən mənə çatmaz deyə zirək tərpənmişdim. Kino başlayanda zalda üç-beş tamaşaçı görəndə isə çaşmışdım.

O gün Helsinqborq şəhər kinoteatrında “Bergman – bir il, bir ömür” adlı filmə baxanda Bakıdakı o kino seyrimi xatırladım. Zalda xanımımla məndən başqa bir də isveçli qadın vardı. Yanakı zalda nümayiş edilən hansısa “fantasy” filminə isə bilet çoxdan qurtarmışdı.

Dünya şöhrətli rejissorun 100 illik yubileyi münasibətiylə 2018-ci il İsveçdə “Berqman ili” elan olunub. Bu münasibətlə bütün qitələr əhatə olunmaqla dünya üzrə 114 tədbir təşkil keçirilib.  Elə bu film də onun 100 yaşına ərmağandı.

Bilmirəm, baxmısınızmı Berqmanın filmlərinə?! Hövsələli kinodanzövqalanlar gərək mütləq baxalar. Ona görə hövsələli deyirəm ki, onun da çəkdikləri “darıxdırıcı” filmlərdəndi. Dünya kinosunun bütün müəllif filmləri çəkənlərini bir hal birləşdirir – onların filmləri “darıxdırıcı”dı. Müasir kino tamaşaçısının belə filmlərə baxmağa hövsələsi çatmır.

Bir dəfə məndən baxmağa film istəyən bir tanışıma Lars fon Trierin çəkdiklərini yön verdim. Səhəri gün belə yazdı mənə: “Darıxdırıcıdı”. Elə o gündən mən də belə filmlərə “darıxdırıcı filmlər” deyirəm.

O filmlər hər kəs üçün deyil. Onlar məişət problemlərindən yox, həyatda varolma anlamında darıxanların filmidi. Ağrını dişində yox, qəlbində duyanların.

Çox qəribədi ki, Berqman da başqa bir kino klassiki Bunuelin filmlərini darıxdıcıdı adlandırırdı.

***

Berqman insanın daxili təbədülatlarını – ekstazdan dekadentliyəcən – kinoya çəkə bilən rejissordu. Hamıdan gizli zənn etdiyin öz hiss və düşüncələrini onun filmlərində görəndə donub qalarsan. Baxanda bəzən özünün neçə fərqli ruhi vəziyyətini, özünə sirli gələn halını görərsən.

 

“Ölmüşəm, amma yata bilmirəm”. “Pıçıltılar və çığırtılar” filminin qəhrəmanı Aqnes deyir bunu. Olubmu belə bir hal sizdə? Olubsa, rahat baxa bilərsiniz o filmə.

Antiutopik “Utanc” filmində intellektual adamların cəmiyyət kataklizmlərinə cavabdehliyi bir əxlaq norması kimi təqdim olunur. İntellekt vicdanla ağlın birgəliyidi. Yaxanı qırağa çəkənlərdən deyilsənsə, bax o filmə, səndən bəhs edir.

Diqqətli tamaşaçı yuxarıda söz açdığım “Qurbanvermə”ni “Fanni və Aleksandr” filminin davamı kimi görəcək. Amma eyni zamanda biri o birinin antitezasıdı. Bu filmlərin ideya bənzərliyi onu yaradanların ruh yaxınlığındanmı qaynaqlanıb? Yəqin ki, belədi. Axı, Berqman onu özünə ustad hesab edən, “onun filmləriylə yetişən” Tarkovskini ən çox sevdiyi rejissorların başında görürdü.

“Atalar-oğullar” temasına iki dahiyanə baxış da deyərdim bu iki filmə. Bəlkə də o filmlərdə özümü, öz uşaqlığımı görürəm, ona görə belədi. Birində sərt, o birində oğlu üçün hər şeyindən keçməyə hazır ata var. Atamı məhz belə ikili halıyla xatırlayıram.

“Payız sonatası”ı da nəsillərarası münasibəti çözməyə cəhd edən filmlərdəndi. Berqmanın ən xoşladığım filmidi o. Bəlkə də ilk dəfə ona subay vaxtı baxdışdım, ata deyildim deyə valideynin ağır basqısı altında əzilən övladı duyurdum onda. Bu yazını yazan günlərdə bir də baxdım, bu dəfə başqa cür oldu, bu dəfə filmdəki ananı anlamağa çalışırdım.

Yox, mən kinokritik deyiləm. Bu yazdıqlarım da filmlərin təhlili deyil, naşılıq olardı bu. Sadəcə, onların məndə oyatdığı duyğuların izahına çalışıram. Məndə bu duyğuları oyada bilən bu iki nəhəng “darıxdırıcı rejissoru” İsveçin çiskinli payız günlərində anlamaq istəyirəm.

Bilmirəm, onları nə qədər duyur, anlayıram, bir onu bilirəm ki, sənətkarın özünü nümayiş coğrafiyası onun azadlıq sərhədlərinədəkdi. Andrey Tarkovski SSRİ-yə qayıtmamasını orada işləməyə, film çəkməyə imkan verilməməsiylə izah edirdi atasına yazdığı məktubda. Ömrü boyu cəmi yeddi film çəkə bilmişdi, beşini vətəndə, ikisini vətəndən uzaqda, miqrant rejissor kimi.

Berqmanın isə azadlığına İsveçdə sərhəd olmayıb. Teatrda 170 tamaşa səhnələşdirib, 100-cən bədii, sənədli, televiziya filmi çəkib. Bununla belə, şəxsi həyata da bol vaxt ayırıb – teatrı arvada, kinonu məşuqəyə bənzədən Berqman beş qadınla rəsmi nigaha girib.

Görünür, azadlıq tək yaradıcılığa deyil, sevgiyə də üfüqlər açır.

Azadlıq nələrə üfüq açmır ki!

***

Gedəcəm Qotland adasına!

Vahid QAZİ

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47 Gələn il yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır 20 Avqust 2019, 16:33 5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq 20 Avqust 2019, 16:27 Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb 20 Avqust 2019, 16:22 Azərbaycana 7 ayda gələn turist sayı... 20 Avqust 2019, 16:14 Azərbaycanda Avrasiya Xalqları Günləri keçiriləcək 20 Avqust 2019, 15:56 Şuranın dəstəyi ilə grant.az saytı yaradılacaq 20 Avqust 2019, 15:53 Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin axtarışına qoşulanlara təşəkkür etdi 20 Avqust 2019, 15:36