Modern.az

“Relslər üzərinə uzanmış adam”dan gələn pullar şəhid ailələrinə veriləcək

“Relslər üzərinə uzanmış adam”dan gələn pullar şəhid ailələrinə veriləcək

Aktual

15 Mart 2019, 09:09

Araşdırmaçı-yazar Rövşən Abdullaoğlu "Qədim Qala" nəşriyyatı ilə bərabər son illərin ən çox oxunan kitablarından olan "Relslər Üzərinə Uzanmış Adam" romanının altıncı təkrar nəşrindən əldə olunan gəliri "Şəhid Ailələri və Kimsəsiz Uşaqlara Yardım" İctimai Birliyinə ianə edəcək.

 

Modern.az-ın xəbərinə görə, İctimai Birlik aprel döyüşlərində şəhid olmuş qəhrəmanımız Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Təbriz Musazadənin həyat yoldaşı Ceylan Musazadə tərəfindən təsis olunub.

 

Fəaliyyət göstərdiyi qısa müddət ərzində könüllü müəllimlər - birlik üzvləri şəhid və kimsəsiz uşaqlara müxtəlif fənlər üzrə təmənnasız kurslar keçməklə, ailələrə maddi və mənəvi dəstək göstərməklə bir çox gözəl işlərə vəsilə olublar.

 

Rövşən Abdullaoğlu bu əməkdaşlığın daha böyük uğurlara səbəb olmaqla bərabər gözəl örnək ola biləcəyini söylədi. Onu da bildirək ki, yazıçı Rövşən Abdullaoğlunun əsərləri son illərin ən çox oxunan kitabları siyahısında ilk yerlərdədir. Onun "Bu Şəhərdə Kimsə Yoxdur", "Relslər Üzərinə Uzanmış Adam", "Abaddon", "Çətin Olsa da, Həyat Davam Edir", "Arxadakı Körpüləri Yandırın", "Zamanı Necə Yeyək", "Qorxular" kitabları geniş oxucu kütləsinin rəğbətini qazanmış və dəfələrlə təkrar nəşr olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü