Modern.az

Mir Şahinin 1 yaşlı “Real”ı

Mir Şahinin 1 yaşlı “Real”ı

24 Mart 2019, 17:27

Mahir Qabiloğlu

 

Bu gün bütün televiziyalar bir-birinə bənzəyir. Adlar, aparıcılar, rənglər, görüntülər müxtəlif olsa da, hamısının çörəyi sanki bir xəmirdən yoğrulub. İstər informasiya, analitik proqramlar olsun, istərsə də əyləncəli, musiqili. Heç setkaları da yoxdur.

Bir vaxtlar AzTV-nin “Xəbərlər” proqramında işləyəndə, bizə prezident sərəncamlarının, fərmanlarının tam oxunmasını, bir-birini əvəz edən “Xüsusi buraxılışlar”ı irad tutanlar, indi dövlət televiziyasını çox arxada qoyublar. Ona görə də mən bu yeknəsəklikdən bezərək, üz tutmuşam rus kanallarına. Fikrimi bir az da konkretləşdirsəm... Rus dilində yayımlanan maarifçilik, tarixi, satirik proqramlar və bədii filmlər (ortasına reklam salınmayan) yayımlanan kanallara. Daha çox rus dilinə tərcümə olunmuş Amerika və Avropada hazırlanmış verilişlərə. Öyrəniləsi çox şey var. Sədrlər təkcə pul qazanmaqla yox, bu xarici televiziyalarla təcrübə mübadiləsi (əlbəttə ki, birtərəfli qaydada. Yoxsa onları da pozarlar) etsələr, yaxud da işləmək istəyənlərə sadəcə mane olmasalar, bizdə də irəliyə nəsə bir addım atılmış olar. Bədbin deyiləm. Yenə də bir gözüm Azərbaycan telekanallarındadır. Hər yeni kanal açılanda sevinirəm – sevincim uzun çəkməsə də... ümidlərim doğrulmasa da... sonda “çoxluq” sözünə biədəb qafiyədən başqa bir şey tapılmasa da...

 

Televiziyaya əzəldən “sehrli güzgü” adı qoyub xalqımız. Elimizin başqa bir misalı da var: “Uşaq ailənin güzgüsüdür”. Bu iki müsaldan istifadə edib deyərdim ki, hər bir televiziya ona başçılıq edənin, gecə-gündüz çalışan kollektivin güzgüsüdür. O güzgü ki, biz ona baxırıq. Televiziya yaradıcılıqdır. Bir dəqiqə də boş dayanmağı sevməyən bir sahədir. Gərək qaynayasan, yanasan ki, tamaşaçına nəsə verə biləsən. Texnikanın inkişaf etdiyi dünyada bunları etmək çox asandır. Yanğın olub? Qəza olub? Qış bulvarından sel axır? İndiyəcən ordakı eskalatorlar necə xarab olubsa aylardır ki, işə salınmır..? İndi əlindəki telefonla canlı yayıma çıxıb bunların hamısını tamaşaçıya çatdırmaq asanlıqla mümkündür.

 

Bir il əvvəl televiziya məkanında “Real” adlı televiziya dünyaya gəldi. Nəvaxtsa İTV yarananda adını sədr İsmayıl Ömərovun şərəfinə “İsmayıl TV” çağırırdılar. Gülüş doğursa da, tam düzgün bir adqoydu idi. Çünki hər bir televiziya onun sədrinin güzgüsüdür. “Real” TV də yarananda yadıma bu düşdü: “Real” TV nədi? Elə Mir Şahinin televiziyası deyin də…
ANS-də Bermud üçbucağının bir başı olan Mir Şahinin burda nə edəcəyi mənə çox maraqlı idi. Niyə ANS-i “Bermud üçbucağı” adlandırdım? Çünki hər hansı ideyanın həyata keçməsi orda Vahid, Seyfulla, Mir Şahin konsensusundan asılı idi. Nəticədə...

 

Amma “Real”da Mir Şahin tək idi. Qərarları tək çıxarıb, kimsələrin haqlı, kimsələrin haqsız iradlarını gözləməyəcəkdi. İclaslarda “biri bir qəpik olan” ittihamları eşitməyəcəkdi. Çıxarılan qərarın da düzgün olub-olmaması onun səviyyəsini, daha doğrusu onun övladı sayılan “Real”ın reytinqini müəyyənləşdirəcəkdi. O öz “Real”ında ANS-də illərdir qazandıqlarını xərcləməliydi. Amma ki, akkumlyatorun iş sistemindən kənara çıxmamaq şərtiylə.

 

HAŞİYƏ: Qonşumuz Orxan Çəmənzəminli atama deyirdi ki, Qabil, sən infarktdan ölməyəcəksən. Çünki ürəyində söz saxlamırsan, üzə deyirsən. Haqsız olanda üzr istəyirsən, rahatlıq tapırsan. Haqlı olanda isə... Ürək akkumlyator kimidir. Bir tərəfdən boşalanda bir tərəfdən dolmalıdır. Əgər bu tərəfdən boşaldı, amma o biri tərəfdən dolmadısa – xarab olacaq. Əgər doldu, boşalmadısa – partlayacaq. Qabil, sən bu tarazlığı qoruya bilirsən. (SON)

 

Söhbət maddilikdən yox, ANS-də və Azərbaycan jurnalistikasında 35 ildə qazanılan televiziyonşik Mir Şahin adından gedir. “Su gələn arxa bir də gələr” –görmüşük ki, insanlar müflis olub və yenidən milyonlara sahib olublar. Amma adı, imici qazanmaq çətindir, itirmək asan, bərpa etmək isə mümkünsüz. Pusquya yatıb gözləyənlərin, səhvtutanların, bədxahların “bacarmadı” qınağına tuş gəlmək isə vurulan sağalmaz yara.

 

Mən “Real TV”nin ilk günlərində bilmirdim ki, bu internet televiziyadır. Çünki KATV vasitəsiylə izləyirdim, digər kanallara baxdığım kimi. İlk günlərdə bəzi iradlarım vardı. Bildirmək istəyirdim. Amma keçmiş televiziyonşik kimi onları anlayırdım. Yenicə dünyaya gələn, otura bilməyən, hələ heç iməkləməyən bir televiziya kanalına dekorasiya, aparıcıların xarici görünüşü, hazırsızlığıyla bağlı irad tutmaq yersiz, daha doğrusu düzgün olmazdı. İndi isə “Real” TV 1 yaşını haqlayıb. Təzə-təzə ayağı yer tutmağa başlayır, kövrək addımlarını atır. Bu bir ildə uğurları olub. Bu həm də Mir Şahinin öz uğurudur. “Xərclədikləri” boşuna getməyib. Bu gün də Azərbaycan televiziya məkanının sayseçmə jurnalistlərindədir. Birinci yerdə gedir desəm, yanılmaram. Sadəcə qorxuram ki, gözə gələr. Yardımlıda bu inanca çox ciddi yanaşırlar.

 

Əminəm ki, Prezident İlham Əliyev də müsahibə vermək obyektini seçəndə, burda “Real” TV adından daha çox Mir Şahin imici əsas rol oynayıb. Bir xüsusu da deyim. Mir Şahin Azərbaycan televiziya kanalları rəhbərləri arasında yeganə sədrdir ki, həm rəhbərlik, həm jurnalistlik, həm də aparıcılıq qabiliyyətini nümayiş etdirib və indi də etdirir. Sadəcə, diapozonu kiçikdir. Çörəyi çörəkçiyə verməyin, özü də birini də üstəlik verməyin vaxtı çoxdan çatıb. İndi deyəcəksiniz ki, Mahir mıs-mıs deyib, Mustafasını gətirmir. Niyə ki? “Real” TV-nin peyklə bütün respublikaya yayımlanmasını arzu edirəm. Və Mir Şahin bu cür televiziyaya rəhbərlik etmək iqtidarındadır.

Bir il. Çox da böyük zaman deyil. Amma bu dövr ərzində təkcə Mir Şahin adı sosial şəbəkələrdə lap çox hallandı. Özü də yeri gəldi gəlmədi...

 

HAŞİYƏ: Mən o vaxtlar AzTV-nin “Xəbərlər” redaksiyasında redaktor işləyirdim. ANS-in buraxdığı jurnalın üz qabığında üç oliqarx kimi Cəlal müəllimin də şəklini vermişdilər. Dostlardan birinin yanında “kişi düz eləyir əsəbləşir də... Axı nə haqla ona oliqarx damğası yapışdırıb, şəklini jurnalın üz qabığına veriblər?” dedim. Siyasətdən daha yaxşı başı çıxan biri isə mənə gülüb “ay uşaq, Cəlal Əliyev şəklinin orda getməsinə görə əsəbləşməyib e... Ona görə Mir Şahini söyür ki, bəs niyə mənim şəklimi üçüncü qoymusan. Amma uşaq-muşağın şəklini birinci, ikinci” izahını verdi. (SON)

 

İndi Mir Şahin təkdir. Qərarları tək verir. O təkcə tək deyil, həm də çoxları tərəfindən də təklənib. Hücum edənlərin əksəriyyəti onun həmkarlarıdır. Bir videonun ucundan tutub ucuzluğuna gedirlər. Videonu isə artıq xərcləyib qurtarıblar. Bir vaxtlar Əhəd Abıyevin Milli Məclisdə etdiyi çıxışın videosu xərclənib qurtardığı kimi. Bəs sonra? Söz yenə də Mir Şahində – “Real” TV-dədir. Biz tamaşaçılar isə gözləməkdə.

 

GEC DƏ OLSA, 1 YAŞINIZ MÜBARƏK! 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır