Modern.az

Mətbuatdan dövlət kabinetlərinə gedən simalar - SİYAHI

Mətbuatdan dövlət kabinetlərinə gedən simalar - SİYAHI

Media

Bu gün, 17:46

Azərbaycan mediası bu gün 151 yaşını qeyd edir. Ölkəmizdə jurnalistika uzun illərdir yalnız informasiya istehsal edən peşə kimi deyil, həm də dövlət idarəçiliyi üçün peşəkar kadrların yetişdiyi mühüm məktəblərdən biri kimi çıxış edir.

Qəzet redaktorları, televiziya aparıcıları, reportyorlar, analitiklər və media menecerləri illər ərzində qazandıqları təcrübəni sonradan parlamentdə, dövlət qurumlarında, ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində davam etdiriblər.

Xüsusilə son illərdə dövlət qurumlarının kommunikasiya və ictimaiyyətlə əlaqələr bölmələrində jurnalistika təcrübəsi olan şəxslərə üstünlük verməsi bu tendensiyanı daha da gücləndirib. Çünki media sahəsində çalışan şəxslər operativ qərarvermə, ictimai rəyin təhlili, böhran kommunikasiyası və cəmiyyətlə effektiv dialoq qurmaq baxımından mühüm təcrübəyə malik olurlar.

Bəs jurnalistikadan dövlət idarəçiliyinə keçən simalar kimlərdir?

Modern.az saytı mediadan dövlət idarəçiliyinə və siyasətə keçən bəzi tanınmış şəxslərin siyahısını təqdim edir:

İbrahim Məmmədov 

AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru İbrahim Məmmədov 2012-ci ildə
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilib. İ.Məmmədov əvvəllər "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında çalışıb. O, uzun illərdir ki, Nazirlər Kabinetinin mətbuat katibidir.

Bəxtiyar Məmmədov 

Bəxtiyar Məmmədov uzun illər jurnalistika fəaliyyəti ilə məşğul olub. O, xüsusilə idman jurnalistikası sahəsində tanınan simalardan biridir.
B.Məmmədov da 2012-ci ildə Azərbaycanda idman jurnalistikasının inkişafına verdiyi töhfələrə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. O, uzun müddətdir "Bakı Metropoliteni"nin mətbuat katibi vəzifəsində çalışır.

Vəsilə Vahidqızı 

Vaxtilə İctimai Televiziyanın tanınmış simalarından olan Vəsilə Vahidqızı 2008-ci ildə isə Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat katibi təyin olunub.

Anar Cəbrayıllı 

Tanınmış jurnalist Anar Cəbrayıllı 2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinin rəisi təyin edilib. A.Cəbrayıllı daha öncə uzun müddət “Azərsu” Açıq Səhmdar Cəmiyyyəti Mətbuat xidmətinin rəhbəri olub. O, uzun müddət ANS televiziyasında çalışıb.

Xanlar Mehdiyev 

Müxtəlif televiziya kanallarında çalışan Xanlar Mehdiyev hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi vəzifəsini icra edir.

Anar Nəcəfli

Uzun illər media sahəsində fəaliyyət göstərən tanınmış aparıcı Anar Nəcəfli hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edir.

Alidə Mustafayeva 

Telejurnalist Alidə Mustafayeva da sonradan vəzifəyə gedib. O, artıq neçə ildir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində məsul vəzifədə çalışır.

Tural Orucov

Tural Orucov da jurnalistika sahəsindən dövlət idarəçiliyinə keçən media nümayəndələrindəndir. O, daha əvvəl Azərbaycan Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. Sonradan Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Rəşad Mehdili 

AzTV və İTV-də jurnalist, aparıcı və departament rəhbəri kimi fəaliyyət göstərən Rəşad Mehdili hazırda Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinə rəhbərlik edir.

Natiq Pənahlı 

“Zaman-Azərbaycan” qəzeti, “Xəzər TV”də çalışmış Natiq Pənahlı hazırda Dövlət Məşğulluq Agentliyində Kommunikasiya departamenti müdirinin müavini vəzifəsində çalışır.

Fazil Talıblı 

Uzun illər televiziya jurnalisti kimi fəaliyyət göstərmişn Fazil Talıblı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib.

Elnur Niftəliyev

Jurnalistika təhsili alan və peşəkar media məktəbi keçən Elnur Niftəliyev hazırda “ASAN xidmət”in mətbuat katibi kimi fəaliyyət göstərir. O, “Lider” TV və digər tanınmış media qurumlarında çalışıb. Elnur Niftəliyev müxtəlif illərdə müxbir, aparıcı, prodüser və redaksiya rəhbəri kimi fəaliyyət göstərib.

Mehman Mehdiyev

Dövlət Statistika Komitəsinin mətbuat katibi Mehman Mehdiyevin də peşəkar fəaliyyəti media sahəsindən başlayıb. Onun jurnalistikada ilk iş yeri “Space” televiziyası olub. Daha sonra “Lider” TV-də fəaliyyətini davam etdirərək burada qazandığı təcrübəni inkişaf etdirib. 

İradə İbrahimova 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova əvvəllər jurnalistika və media sahəsində fəaliyyət göstərib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən İradə İbrahimova müxtəlif illərdə mətbəə, qəzetçilik, redaktə və poliqrafiya sahələrində çalışıb. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib və uzun müddətdir nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya istiqamətinə rəhbərlik edir. O, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Natiq Axundov 

Natiq Axundov jurnalistika fəaliyyətinə “Gömrük xəbərləri” qəzetində başlayıb. 2000-2006-cı illərdə həmin qəzetin redaksiyasında müxtəlif vəzifələrdə çalışan Natiq Axundov 2006-cı ildən Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin rəisidir. O, 2014-cü ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

İbrahim Mirzəyev 

İbrahim Mirzəyev də uzun illər media sahəsində fəaliyyət göstərən və sonradan dövlət idarəçiliyinə keçən şəxslərdəndir. Müxtəlif mətbuat orqanlarında, o cümlədən Azərbaycan Televiziyasında çalışan İbrahim Mirzəyev sonradan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru vəzifəsinə təyin edilib.

Vüqar Hüseynov

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və Kommunikasiya Şöbəsinin müdiri Vüqar Hüseynov əvvəllər jurnalistika sahəsində fəaliyyət göstərib. O, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində də çalışıb.

Mayis Piriyev

Maliyyə Nazirliyində İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışan Mayis Piriyev daha əvvəl burada mətbuat katibiolub. Mayis Piriyev Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, müxtəlif illərdə “Yeni Azərbaycan” qəzetində və İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışıb.

Aynur Kərimova 

Jurnalist Aynur Kərimova Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bakı Dövlət Universitetində jurnalistika ixtisası üzrə bakalavr, magistr və aspirantura təhsili alan Aynur Kərimova müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri və “Barama Media”nın icraçı direktoru vəzifələrində çalışıb.
O, həmçinin filologiya üzrə fəlsəfə doktorudur.

Ramiz İdrisoğlu 

İctimai Televiziyanın “Xəbərlər” proqramının və “Diqqət mərkəzi” verilişinin aparıcısı Ramiz İdrisoğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi vəzifəsinə təyin edilib.

Bütün bu nümunələr göstərir ki, jurnalistika yalnız informasiya istehsal edən peşə deyil. Media sahəsində çalışan şəxslər operativ qərarvermə, böhran kommunikasiyası, ictimai rəyin təhlili, çıxış və təqdimat bacarığı, eləcə də cəmiyyətlə effektiv ünsiyyət qurmaq baxımından mühüm təcrübə qazanırlar.

Məhz bu səbəbdən jurnalistika məktəbindən keçmiş mütəxəssislərin dövlət qurumlarının mətbuat və kommunikasiya bölmələrində, eləcə də siyasi və qanunvericilik fəaliyyətində təmsil olunması təsadüfi deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi