Modern.az

Dini jurnalistika üzrə ixtisaslaşmış qurumumuz yoxdur

Dini jurnalistika üzrə ixtisaslaşmış qurumumuz yoxdur

Media

Bu gün, 19:55

Dini mövzuların işıqlandırılması digər həssas sahələrdən fərqlənir və bu istiqamətdə jurnalistlərdən daha yüksək peşəkarlıq, qərəzsizlik və məsuliyyət tələb olunur.

Modern.az xəbər verir ki, bunu Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” adlı panel sessiyada Teleradio Akademiyasının rektoru Almaz Mahmud bildirib.

O, qeyd edib ki, dini mövzuların işıqlandırılmasında söhbət təkcə ayrı-ayrı şəxslərdən deyil, bütöv bir toplumun inancından və mənəvi dəyərlərindən gedir:

“Digər həssas kateqoriyalarla işləyərkən bir insanın taleyinə təsir göstərə bilərsiniz. Amma dini mövzularda yanlış yanaşma bütöv bir cəmiyyətin hissiyyatına və mənəvi dünyasına toxuna bilər. Buna görə də bu sahədə mediadan dəqiq, qərəzsiz və hərtərəfli informasiya təqdim etməsi gözlənilir”, - deyə o bildirib.

A.Mahmud Azərbaycanda dini jurnalistika sahəsində ixtisaslaşmış peşəkar təşkilatın olmamasını diqqətə çatdırıb:

“Azərbaycanda jurnalist təşkilatları fəaliyyət göstərir. Ancaq dini jurnalistika üzrə ixtisaslaşmış assosiasiya və ya qeyri-hökumət təşkilatı yoxdur. Halbuki ölkəmizin coğrafi mövqeyi, dini müxtəlifliyi və bu sahənin həssaslığı belə bir qurumun fəaliyyətini zəruri edir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, belə bir təşkilat həm jurnalistlərin peşəkar inkişafına, həm də cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm töhfə verə bilər.

A.Mahmud xatırladıb ki, vaxtilə Ermənistanın işğalı dövründə Azərbaycan məscidlərində törədilən vandalizm aktlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində media daha fəal rol oynaya bilərdi:

“Media dördüncü hakimiyyətdir. Bu cür məsələlərin beynəlxalq səviyyədə gündəmə gətirilməsində yalnız dövlət qurumları deyil, peşəkar media institutları da fəal iştirak etməlidir”, - deyə o qeyd edib.

Rektor, həmçinin vurğulayıb ki, jurnalistlərin peşəkar müzakirə platformalarında bir araya gəlməsi onların bilik və bacarıqlarının artmasına, dini mövzuların daha məsuliyyətli işıqlandırılmasına xidmət edir:

“Hazırda vizual savadlılıq və süni intellekt mövzusunda elmi tədqiqat aparır və bu çərçivədə dini savadlılıqla vizual medianın qarşılıqlı əlaqəsini də araşdırır. Bundan əlavə, istər dini savadlılıqda vizual yanaşma, istərsə də vizual mediada dini savadlılıq eyni prinsiplərə əsaslanır və hər iki istiqamətdə əsas məqsəd peşəkarlığın və düzgün informasiya təqdimatının təmin edilməsidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi